İdmanda yaranan zədələrdən necə qorunaq

174

İnsan sağlamlığı onun fiziki tərbiyəsi ilə vəhdət təşkil edir. Fiziki və mənəvi sağlamlığa xidmət edən, cəmiyyətimizin böyük bir hissəsinin maraqlarını özündə birləşdirən və təkamül yolu keçən idman nəzəriyyəsi geniş mənalarda işlədilir. Bəzən bu sahədə qazanılan bir uğur ölkənin bütün mövqeyini, ab-havasını dəyişir. Düzdür, idmanla məşğul olan hər kəs olimpiya, dünya və ya Avropa çempionu olmur. Lakin peşəkar və həvəskar idmançıları birləşdirən bir məqam var: zədə. İdman edərkən rastlaşdığımız ən böyük problem zədələrdir. Bəzən bu zədələr idmançı karyerasına son qoya, hobbi kimi bu sahə ilə məşğul olanları uzaqlaşdıra bilər. Bəs idman edərkən zədələrdən necə qorunmaq lazımdır, yaxud bunun fiziki təlimləri varmı?

İdman alimləri və həkimlərinin apardığı araşdırmalar göstərir ki, zədələrə səbəb daxili amillərdir, yəni yorğunluq, çoxlu fiziki iş, fərdi bədən xüsusiyyətləri. Bunun nəticəsində orqanizmdə sıyrıqlar, yaralar, yumşaq toxuma qırıqları, oynaqlar və sümük sınıqları yaranır ki, nəticədə, bu amillər insanın idmanetmə ənənəsini pozur və onu bu sahədən uzaqlaşdırır. Bu tipli zədələr, xüsusən idmançılar təlim-məşq toplanışlarında olarkən baş verir. Başvermə səbəbi isə idmançıların təlimin sonunda tətbiqi proqramı düzgün qiymətləndirə bilməmələridir.

Zədələr, əsasən, idman edərkən oynaqlarda baş verir ki, bu da 38 faiz təşkil edir. Müşahidələr göstərir ki, peşəkar idmanla məşğul olanların yalnız 9 faizi il ərzində qırıqlarla üzləşirlər. Maraqlısı odur ki, qış aylarında zədələr digər fəsillərlə müqayisədə daha çox olur.

Bəs zədələnməmək üçün hansı amillər yerinə yetirilməlidir? İlk olaraq idmanla məşğul olan hər bir kəs 20-30 dəqiqə ərzində isinmə hərəkətləri etməlidir. Səbəbi isə odur ki, isinmiş orqanizmdə zədənin əmələgəlmə ehtimalı azalır, isinməmiş orqanizmdə isə vətərlər, əzələlər birbaşa ağır yükə məruz qaldığı üçün zədə riski artır. Bəzən elə olur ki, orqanizmdə gizli xəstəlik baş qaldırır və zamanla vətərlər, bağlar və əzələlər daha çox zədəyə məruz qalır. Bağ və əzələ dartınmaları idmançılarda hərəkətin biomexanikası pozulduqda baş verə bilər. Bu hallar çox vaxt insanın ayaq və bud nahiyələrində olur ki, belə zədələrə futbol, basketbol, gimnastika növləri ilə məşğul olan idmançılarda rast gəlmək mümkündür. Ümumiyyətlə, bir çox zədələr var ki, onlar müəyyən idman növləri ilə “dostlaşıblar”. Məsələn, atletika ilə məşğul olanlar yarımkəskin və xroniki travmatik xəstəliklərlə mübarizə aparmalı olurlar. Onlarda, əsasən, aşağı əzalarda zədələr baş verir. Atıcılar isə tez-tez yuxarı əza və çiyin-qurşaq əzələlərində yaranan problemlərlə üzləşirlər.

Elit idman növü kimi ad qazanan bədii gimnastikada idmançılar barmaqlar üzərində süründürmə, qançırlar, bilək, dirsək, çiyin, ayaq biləyi və diz oynaqlarında zədələrlə tez-tez üzləşirlər. Bunu bəzən həkimlər yaxşı edilməyən isinmə hərəkəti ilə əlaqələndirirlər. Futbolda daha çox ayaq biləkləri və diz oynaqları, baldır hissədəki əzələlər dartınmalara məruz qalır. Dizdə isə meniscus yaranır. Futbola aid zədələri basketbola da şamil etmək mümkündür. Lakin basketbolda əl, barmaq və dirsəyin tez-tez zədələnməsi idmançıların bəzən karyeralarını vaxtından əvvəl başa vurması ilə nəticələnir. Boksla məşğul olan idmançılar yarış zamanı rinqdə nokdaun və ya nokauta düşürlər. Bu hal onlarda qapalı kəllə-beyin travması ilə nəticələnə bilər. Güləşdə isə idmançılar daha çox çiyin oynaqları – çiyin və qol, körpücük sümüyü sınıqları dislokasiya, çiyin-qurşaq yuxarı əza əzələlərinin zədələnməsindən şikayətlənirlər.

Bir sıra idman alimləri, həkimləri zədələrin səbəbini daxili amillərlə əlaqələndirirlər. Xüsusilə həkimlər bunu nəzərə alaraq bəzi məsləhətlər görürlər. İlk olaraq müntəzəm tibbi nəzarətə, gigiyenik qaydalara riayət etmək lazımdır. Bununla yanaşı, məşğul olunan idman növünü tam dərk edib, sonra ona aid qurğulardan istifadə etmək, zədələnmə­mək üçün psixoloji hazırlıq keçmək mütləqdir.

Bəzən bu zədələri eşidib idman sahəsinə gəlmək fikrindən daşınanlar da var. Lakin qeyd etməliyik ki, idmanın bütün növləri insan üçün faydalıdır, insan sağlamlığına müsbət təsir göstərir və ömrü uzadır. Zədə riski az olan idman növləri sırasında üzgüçülük, suya­tullanma, atıcılıq, stolüstü tennisi qeyd etmək olar. Bu idman növləri ilə məşğul olan insanlarda erkən ölüm riski digərləri ilə müqayisədə aşağıdır. Şahmat isə uşaq və yeniyetmələr üçün ən ideal növdür. Hiperaktiv uşaqların daha çox bu idman növü ilə məşğul olması həkimlər tərəfindən məsləhət görülür.

İdman çətin və mürəkkəb sahədir. İdmançı olmaq istəyən kəs bu yolun çox çətin olduğunu qəbul etməlidir. Məqsəd peşəkar idmana yönəlmək deyil, sadəcə, fiziki sağlamlığı qorumaqdırsa, o zaman istənilən növlə hobbi kimi məşğul olmaq olar. Təbii ki, burada fiziki yüklənmənin qarşısı alınmalı, sonra məşq, onun strukturu, texnikası yerinə yetirilməlidir. İdman mütəxəssislərinin də təbirincə desək, idmanda zədələrdən qorunmaq tək idmançının yox, onun məşqçisinin, komandasının da işidir. Çünki məşqçinin düzgün qurduğu məşq prosesi, həkimin düzgün müalicəsi və profilaktika planı idmançını daha tez sağaldır, onu peşəkar idmana daha tez adaptasiya edir.

Ceyhun MƏMMƏDOV

“Şərq qapısı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: