İbadulla Radio-Televiziya Verici Stansiyası yeni binada fəaliyyətə başlayıb

1. 073

Sentyabrın 15-də İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət binada əsas və ehtiyat magistral kabel xətlərinin və ərazi üzrə 16 avtomat telefon stansiyasının fiberoptik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radio-rele linklərin modemləri quraşdırılıb. Yeni avadanlıqlar yüksək iş əmsalına malikdir. Bu da televiziya və radio kanallarının ərazidə rəqəmsal formatda kəsintisiz və keyfiyyətli yayımına imkan verəcəkdir.

Efirə nəzarət otağında 2 monitor, 2 rəqəmsal teleradio və 4 FM Radio vericisi qurulub. Yaradılan şərait teleradio yayımını mütəmadi izləməyə imkan verir. Eyni zamanda, yaranmış hər hansı nasazlıq barədə operator dərhal məlumatlandırılır.

Bina ikitərəfli elektrik xətti ilə təchiz edilib, 2 generator quraşdırılıb, 430 metr yüksəkgərginlikli kabel, 2600 metr hava elektrik xətti çəkilib, 250 və 160 kilovoltluq transformator yarımstansiyası qurulub. 150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərin şüalandırıcıları, anten-fider sistemləri qurulub, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunub.

Ali Məclisin Sədri İbadulla Radio-Televiziya Verici Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikamızda yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin rahatlanmasına xidmət edir. İbadulla Radio-Televiziya Verici Stansiyasının əvvəlki binası və avadanlıqları müasir tələblərə cavab vermirdi. Lakin bu gün yeni binada ən müasir avadanlıqlar quraşdırılıb, göstərilən xidmətin keyfiyyəti artıb.

Ali Məclisin Sədri deyib: Yeni texnologiyaların tətbiqi, eyni zamanda, yeni mütəxəssislərin yetişməsi deməkdir. Bu gün muxtar respublikada yeni texnologiyalar sahəsi üzrə mütəxəssislərin yetişməsinə xüsusi diqqət yetirilir. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasın Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilməsi, mütəxəssislərin başqa ölkələrə hazırlığa göndərilməsi, yeni texnologiyalar sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan “Huawei” şirkəti ilə əməkdaşlıq edilməsi, muxtar respublika ərazisinin tamamilə optik kabellə və internetlə təmin olunması yeni texnologiyaların inkişafı ilə yanaşı, həm də mütəxəssislərin hazırlanmasına xidmət edir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, avadanlıqların işlədilmə qaydasını öyrənməli, onlara vaxtında texniki qulluq göstərilməli, ərazidə radio və televiziya verilişlərinin yayımı nümunəvi təşkil olunmalıdır.

İbadulla Radio-Televiziya Verici Stansiyasının əməkdaşı Ziyafət Həsənov kollektiv adından minnətdarlıq edərək deyib: Ali təhsilli mütəxəssis kimi 20 ildən artıqdır burada çalışıram. Fəaliyyətimiz dövründə heç vaxt bugünkü kimi müasir şəraitlə təmin olunmamışıq. Ən müasir avadanlıqların quraşdırıldığı bu bina kollektivin məsuliyyətini daha da artırır. Qarşımıza qoyulan vəzifələrin icrasında səylə çalışacaq, sakinlərə nümunəvi xidmət göstərəcəyik.

Həyətdə abadlıq işləri aparılıb və yaşıllıq sahəsi salınıb.

***

İbadulla kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1300 metr yeni fiberoptik kabel, 5250 metr yeraltı rabitə, 80 metr yeraltı kabel xətti çəkilib, 400 kilovoltluq transformator yarımstansiyası qurulub. Bundan başqa 720 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, 1200 metr içməli su xətti çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: