Hüseyn Cavidin ev-muzeyinin yeni eksponatlarla zənginləşdirilməsinə xüsusi diqqət göstərilir

131

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin və Cavidlər irsinin araşdırılması istiqamətində əhəmiyyətli elmi təqdiqatlar aparılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı AZƏRTAC-a müsahibəsində məlumat verib. Alim deyib ki, muzeydə 2018-ci il elmi-tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 45 iş mərhələlər üzrə yerinə yetirilib. Prezident İlham Əliyevin Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi haqqında imzaladığı Sərəncama uyğun olaraq muzey müxtəlif qurumlarla, o cümlədən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə silsilə tədbirlər keçirib.

Muzeyin zənginləşdirilməsinə xüsusi diqqət göstərildiyini qeyd edən direktor bildirib ki, müəssisənin fondunda 11 min 638 eksponat mühafizə olunur. Bu il muzeyə və onun elektron bazasına 345 yeni eksponat təqdim edilib, veb-saytının xarici dil (ingilis dili) versiyası yeni materiallar ilə zənginləşdirilib. Cavid irsinin təbliği məqsədilə əməkdaşlarımız Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, İtaliya və Macarıstanda elmi ezamiyyətlərdə olublar. Müxtəlif kitablar – müəllifi olduğum “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının ikinci cildi, həmçinin “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində “Cavidşünaslıq” araşdırmalar toplusu (10 cilddə), “Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair”, “Sözləri Hüseyn Cavidindir” albom-kitab və s. çap etdirilib. Böyük sənətkarın “Maral” əsəri Hüseyn Cavidin ev-muzeyi və Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında ingilis dilinə tərcümə edilib və nəşrə təqdim olunub.

Direktor bildirib ki, muzeyin fondunda görkəmli ədib Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin şəxsi arxivi də var. Burada onun əlyazmaları, qrammofon valı, rəsm və musiqi əsərləri olan disk, videokaset, özünün şəxsi kitabxanasına məxsus kitablar və s. saxlanılır və not yazılarının, uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkilləri nümayiş olunur. Bundan əlavə, muzeyin beynəlxalq əlaqələri daha da genişləndirilib. Müəssisə Beynəlxalq Muzeylər Komitəsi (ICOM), Türkiyə Azərbaycan Mədəniyyət Evi ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Gələn il Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə muzeydə bir sıra tədbirlərin keçirilməsi və kitabların nəşri də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: