Hüseyn Cavid yaradıcılığında qadın 

152

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus ədəbi imzası və dəsti-xətti ilə seçilən böyük mütəfəkkir-şair Hüseyn Cavid (1882-1941) bütün dövrlər üçün maraqlı və aktual olan bir sıra ölməz əsərlər yaradıb. “Maral”, “Ana”, “Səyavuş”, “Afət”, “Peyğəmbər”, “Xəyyam” və digər əsərləri ilə ədəbiyyat aləminə misilsiz töhfələr verən Hüseyn Cavid yaradıcılığının müxtəlif cəhətləri ilə – saf məhəbbətin tərənnümü, bəşərin nicatı, qadın azadlığı və b. bu kimi mövzularla özünə ali, əbədiyaşar mövqe qazanıb. 

Onun yaradıcılığında qadın problemi öz aktuallığı və orijinallığı ilə seçilir. Ədəbiyyata qədəm qoyduğu ilk zamanlardan böyük ədib qadın məsələsinə maraq göstərib, bu aktual mövzuda “Qadın”, “Qız məktəbində”, “Şərq qadını”, “Vərəmli qız”, “Pəmbə çarşaf”, “Dəniz pərisi”, “Get”, “Qəmər”, “Bir qızın son fəryadı” və başqa  şeirlər həsr edərək qadın məsələsini önə çəkib. Şair “Şərq qadını” şeirində:

Mən nə idim?

Şərqin əzilmiş qadını!

Mən nə idim? Uf, onu heç sormayınız!

Varlığım bir quru heç! 

– deyə feodal əxlaqının, mövhumat və cahilliyin hökm sürdüyü, köhnəlmiş adət və ənənələrin  yaşadığı cəmiyyətdə Şərq qadınının gördüyü əzabları əks etdirib. Bununla da  qadının faciəsinin kökündə məhz ictimai düşüncə və qayda-qanunlar külliyyatını, qadına haqq verilməməsini əsas səbəb kimi göstəriridi. 

Hüseyn Cavid qadınları öz hüquqları uğrunda fəal mübarizəyə səsləyir    qadınlara öz hüquqlarını əldə etməsinin yolunu maariflənmə,  mədəni tərəqqidə olduğunu göstəriridi. Mütərəqqi ideyalar müəllifi olan görkəmli sənətkar düşünürdü ki, qadın maariflənərsə, elm, bilik öyrənərsə, cəmiyyət üçün fəal bir ictimai üzv ola bilər. O, qadının gözəlliyini bər-bəzəkdə, var-karda deyil, maarifdə, bilikdə, təhsildə görürdü.  “Qız məktəbi” şeirində ədib:

Yoqmu sənin incilərin, altın biləziklərin?

Söylə, yavrum! Hiç sıqılma…

– Var əfəndim, var… lakin

Müəlliməm hər gün söylər, onların yoq qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti, – deyə qadın üçün təhsilin vacibliyini göstəriridi.

Ədib yalnız şeirlərində deyil, eyni zamanda dram əsərlərində də bu məsələyə toxunmuş və fərqli müstəvilərdə qadın obrazları yaratmışdır. Görkəmli romantik ədib bu  problemə verdiyi əhəmiyyətdən irəli gələrək əksər dram əsərlərinə məhz qadın adları verib: “Şeyda”, “Maral”, “Afət” və s. Hətta dramaturq “Səyavuş” əsərinə də əvvəlcə Südabə adı verməyi düşünüb.

Dramaturqun qadının bir şəxsiyyət, ana kimi böyüklüyünü, humanistliyini nümayiş etdirdiyi əsərləri arasında “Ana” dramı özünəməxsusluğu ilə seçilir. Mövzüsu Dağıstan həyatından götürülmüş bu mənzum faciənin əsas qəhrəmanı olan Səlma ana Azərbaycan ədəbiyyatı üçün yeni tipli Ana obrazıdır. Oğlu Qanpolad İsmət adlı qıza nişanlıdır. Həmçinin bu qıza varlı Orxan da könül vermişdir. Orxan İsmətin Qanpolada olan sədaqətini görəndəndən sonra dostu Muradın vasitəsilə onu öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün bilmədən oğlunu qətl etdiyi Səlma ananın evində gizlənir. Ana öz övində, öz himayəsində gizlətdiyi, qoruduğu adamın doğma balasının qatili olan Murad olduğunu biləndə şəxsi hissi ilə deyil, ictimai əxlaqı ilə davranaraq onu əhv edir, qatili evində qonaq olduğu üçün cəzalandırmır və deyir:

Həm mültəci, həm qərib, həm müsafir,

Xayır, vicdanım olmaz buna qadir,

Bir də hər nə yapsam bu dərdi silməz,

Məhv olsa aləm, Qanpolad dirilməz,

Xayır, əfv etməli. Getsin də miskin,

Xəcalətdən ölsün, yerlərə keçsin…

Bu misralardan da aydın görünür ki, dramaturq anaya ilahi qüvvə kimi yanaşmaqla onu ən ali qüvvə kimi təsvir edib. Çünki Səlma ananın mənsub olduğu ictimai düşüncəyə, əxlaqa, dəyərlərə, inama görə Allah bütün günahları bağışlayandır. Buna görə də ana şəxsi faciəsindən deyil, bu humanist əxlaqından irəli gələrək oğlunun qatilini bağışlamağı onu cəzalandırmaqdan üstün tutur, onu öz vicdanının mühakiməsinə buraxır. Beləliklə, Hüseyn Cavid ana obrazı altında qadın mənəviyyatının saflığını, humanistliyini və əvəzolunmazlığını təqdim edir. 

Şairin qadın hüquqsuzluğu haqqında yazdığı əsərlər içərisində “Maral” faciəsi mühüm əhəmiyyət kəsb edir. Bu əsər Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzüsunda yazılan ilk faciədir. 

Bu əsərində Hüseyn Cavid köhnəlmiş düşüncə və qayda-qanunlar  dövrünün artıq başa  çatdığını qadın obrazlarının faciəsi əsasında təqdim və elan edir. 

Əsərlərindən məlum olur ki, ədibi qadın taleyi daima düşündürmüş, məhz bu düşüncə və baxışların nəticəsi kimi “Afət” dramı ərsəyə gəlmişdir. 

Əsərin sonunda özünü öldürən Afətin faciəsində, “ictimai mühit ictimai şüru yetişdirir” fəlsəfəsinə əsaslansaq, onun yaşadığı çirkin, qadını əzən mühit, qeyri-əxlaqi qaydalar məsul və günahkardır. 

Cavid “Azər” poemasında da qadınların faciəli həyatını poemanın müxtəlif hissələrində ifadə edib. Poemada Səlminazın açı taleyindən əsərin “Gəlin köçərkən” bölməsındə bəhs edilir. Sərvinaz anasının təkidi ilə sevmədiyi, yaşlı bir insana ərə verilir. Yaşadığı fəlakətlərə dözməyən Sərvinaz özünü öldürür. Əsərdə ananın fəryadını göstərən Cavid “Suçlu qadın”  ifadəsi ilə ananın qızını uçuruma sürüklədiyini ifadə edir.

Suçlu qadın çiçəklər, ipəklərlə süslənən

Cənazə qarşısında yapraq kibi titrədi.

Ayrılmaq istəməzdi sovurduğu çiçəkdən,

“Xayır, ıssız məzara onu bıraqmam!” dеdi.

Ananın fəryadının, Sərvinazın əsl faciəsi ananın savadsızlığı və qızını da məktəbdən çıxararaq bu cahilliyə məhkum etməsidir.

Cavid “Azər” poemasında həmçinin Şərq qadınının çadradan xilas olması məsələsinə də toxunmuşdur. Əslində “çadra, örtük” ədəbiyyatımızda qadın azadlığı ideyasını özündə ümumiləşdirmiş və bu ali ideyanı ehtiva etmişdir. Böyük humanist ədib qadınların məhz çadranı atmaqla hürriyyətə qovuşacaqlarını göstərmiş və onları hər cür mənəvi məhdudiyyətdən xilas olmağa çağırmışdır:

İnqilab iştə! Atıb çarşafı siz,

O siyah pərdəyi rədd еylədiniz.

Qеyd еdərkən bunu tarix, ancaq

Bir fəzilət dеyə alqışlayacaq.

Sizi aldatmasın amma bu qürur,

Çarşaf atmaqla bitər sanma qüsur.

Çoq bеyinlər yеnə həp pərdəlidir,

Mənəvi pərdəyi dəf еtməlidir.

Görkəmli ədibin şah əsərlərindən olan “Azər” poeması daşıdığı yüksək ədəbi-bədii məziyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə təsdiqlənən “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmiş və kütləvi olaraq oxunması tövsiyə edilmişdir.

Böyük mütəfəkkir-şair Hüseyn Cavid “Peyğəmbər” əsərində qadın məsələsini tam təkmil ideyaya çevirərək qadın haqqı məsələsini bütün gücü ilə əks etdirib. Burada qadınların acınacaqlı vəziyyətini təsvir edən şair: “Xayır, bən oğuldan başqa Evlad istəməm, istəməm. Qız və qadın insanmı ya? Yoq, bən qıza evlad deməm” misraları ilə qadının köhnə cəmiyyət və düşüncədə tutduğu ictimai mövqeyə qarşı çıxmış, qadının insanlıq haqlarıı özünə qaytarmaqla cəmiyyəti inkişaf etdirə bilmək imkanı olduğunu demişdir. Peyğəmbərin dili ilə:

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət.

Qadın gülərsə şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək, – deyə qadına əsl vətəndaş-şair qiymətini ifadə edib.  

Bu xoşməramlı fikirlər isə, ümumiyyətlə, Hüseyn Cavidi əbədlişdirən və ölməzləşdirən özünə məxsus ideyalar kimi müəyyənləşdirib.   

Beləliklə, Hüseyn Cavidin əsərləri bir çox aktual problemlər daxil olmaqla qadına haqında ən ali düşüncəni özündə ehtiva edən əsərlər kimi yadda qalır. 

Səbinə Dünyamalıyeva

 AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: