Heydərabad bütün fəsillərdə gözəldir

133

Dağlardan qalxan sis, duman fonunda Heydərabad əsrarəngiz görünür. Hər fəsildə fərqli gözəlliyi olan qəsəbə payız paltarını geyinib. Ağaclar sarı, qırmızı rənglərə bürünüb. Sarıya boyanan ağaclar qürub edən günəşi xatırladır. Ağacların  arasında sarı yarpaq dənizində addımladıqca onların səslərini, xışıltılarını eşidirsən. İstər-istəməz yadıma qış və yeriyəndə ayaqlar altında payız yarpaqları kimi xışıldayan qar düşür.

İnsanı heyran edən rəssam təbiətin möhtəşəm əsərinin  bu payız tablosundakı qəhrəmanı sanki  əbədi gənclikləri ilə öyünürmüş düzülən  həmişəyaşıl yolka ağaclarıdır. Təbiət ananın əlindən gənclik iksiri içən ardıc ağacları xalqımız tərəfindən müqəddəs hesab olunub, hətta  ocaq sayılıblar. Bütün bu gözəlliklər insan ağlı, insan əməyi, insan zəhməti ilə başa gəlib.

Heydərabad çox çətin günlər görüb. Düşmən topları, mərmiləri ilə dağılan evləri,  şəhid olan insanları unutmamışıq. Bu gözəl, firavan günlərin qədrini bilmək üçün o ağır günləri yaddan çıxarmamalıyıq. O çətin, ağır günlərdə xalqımız əsl qəhrəmanlıq göstərdi. Həmin günlər  düşmən  Ermənistandan Heydərabada top mərmisi, güllə yağış kimi yağırdı. Amma torpaqlarımızın hər qarışı üçün canlarından keçməyə hazır olan igid oğullarımız sonsuz məhəbbətlə sevdikləri yurdumuzun hər qarışını qorudular. Gecə yatmadılar, gündüz dincəlmədilər Vətənimizin keşiyində durdular, döyüşdülər, onu xain düşmənə vermədilər. O əzablı günlərdə sinələrini sipər edib düşmən qabağında durmasaydılar, düşməni geri oturtmasaydılar bu gözəl günlər olmayacaqdı. O zamanlar içimizi qurd kimi gəmirən torpaqlarımızı itirmə qorxusu kabus kimi çökmüşdü üzümüzə. Naxçıvanın hər rayonundan, kəndindən igid oğullar Sədərəyin köməyinə gəldilər. El birliyi ilə torpaqlarımız qorundu. Ulu öndərin ürəyi həmişə qeyrət qalası dediyi Sədərəklə idi. Həm strateji əhəmiyyəti ilə, həm gözəl layihəsi ilə Heydərabad müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndərin ən gözəl əsərlərindəndir. Qurulması da, qorunması da onun adı ilə bağlıdır.

Bu gün sərhəd bölgəsi olan rayonumuzun nümunəvi qəsəbəsi Heydərabadın hər qarışında gözəllik, hər tərəfində səliqə-sahman var. Bu gözəllik payızın əsrarəngiz lövhələri ilə birləşərək insanın könlünü, gözünü oxşayır. Güllə səslərinin hələ də qulaqlardan getmədiyi, müharibənin vurduğu yaraların sağaldığı Heydərabadın çölləri şumlanıb, əkilib, ana torpağın qoynuna  dən səpilib. Dövlətin qayğısı, insanların əməyi hər yerdə görünür. Heydərabad hər gün tərəqqi edir, yüksəlir, inkişaf edir. Heydərabadlılar da muxtar respublikada ərzaq bolluğu yaradılması işində öz töhfələrini verirlər. Göz bəbəyi kimi qorunan bu torpağa müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərirlər.

Muxtar respublikanın hər yerində olduğu kimi Heydərabadda da tikinti-quruculuq işləri davamlı olaraq aparılır. Ulu öndərin adını daşıyan bu nümunəvi qəsəbə gündən–günə gözəlləşir, simasını hər gün dəyişir. Yaşıllıq zolaqları yaşıl yol kimi uzandıqca uzanır. Düz və keyfiyyətli asfalt yollar göz oxşayır. Ulu öndərin adını daşıyan ilk yaşayış məntəqəsi Heydərabad bu ada layiq olduğunu hər sahədə göstərir.

Torpaq onu sevənindir, əkib-becərənindir, qoruyanındır. Heydərabad sevilir, əkilib-becərilir, qorunur. Adına layiq inkişaf edir.

Payız son həftələrini yaşayır. Toxum, dən düşən torpağa bir azdan qar da düşəcək, hər tərəf ağappaq olacaq. Qışa tam hazır olan Heydərabad qış qayğılarından qorxmur. Çox keçməyəcək ki, təbiət qış yuxusundan oyanacaq. Bütün nemətləri ilə, bolluğu ilə Heydərabada yaz gələcək.

Dağlardan qalxan sis, duman fonunda Heydərabad əsrarəngiz görünür. Hər fəsildə fərqli gözəlliyi olan qəsəbə payız paltarını geyinib. Amma Heydərabad bütün fəsillərdə gözəldir.

“Oğuz yurdu”

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: