Haqq-hesabların “çürüdüldüyü” “Köhnəqala”dan festivallar mərkəzi “Naxçıvanqala”ya - Sahil Tahirli yazır

130

Bu gün demək olar ki, böyük əksəriyyətdən tez-tez eşitdiyimiz bir etiraf və həqiqət var: Sovet imperiyası güclü təbliğatın və dəmir kimi bərk ideoloji işin sayəsində 70 il ayaqda durdu. Biz uşaq olanda-yəni 30 il əvvəl özümüz də bilmədən ən böyük arzumuz pioner olmaq, düşərgəyə getmək idi. Məktəbə getdiyim ilk gün isə bizə “Lenin-əziz babamız” şerini əzbərlətmişdilər.

İşğalçıya, istilaçıya fərqinə varmadan “baba” deyirdik. Kəndimizdəki – Cəhridəki qədim məscidlərin qarşısından keçəndə kimdən soruşurdun ki, bu nədir, heç kim demirdi məsciddi, deyirdilər kolxoz anbarıdır. Çünki Sovet ideologiyası bizi həm də mənəvi ucalıqdan aşağı salmağı qarşısına məqsəd qoymuşdu.

Səhərdən-axşama kolxozda traktor-kombayn işlədən, belə deyək ki, ayağı yerə gəlməyən babamın qazandığı pulları isə rəhmətlik nənəm sarı “piryanik” torbalarına yığıb yorğan-döşəyin altında gizlədərdi. Bu pulları yeməyə, içməyə, gəzməyə doyasıya xərcləmək mümkün deyildi. Çünki hər an soruşa bilərdilər ki, bu pullar hardandır? Mahiyyəti konkret iş və əməldən uzaq şüarçılıq olan sovetin ideoloji maşını təhsil, elm, ədəbi yaradıcılıq sahəsində də süngüsünü itiləmişdi. Nə senzurasız dərslik, nə qəzet, nə elmi iş, nə ədəbi əsərlər və sair və ilaxır ictimailəşdirilə bilməzdi. Elə götürək tarix kitablarını, kommunizmin təbliğinə hesablanmış həmin dərsliklərdə saxta xarici mənbələr sayəsində milli tariximiz tamamilə saxtalaşdırılmışdı. Bizi və qədim diyarımızı aparıb calamadıqları yer və xalq  qalmamışdı…

İşğalçının qalası olmur

Bir haşiyə çıxaraq deyim ki, müstəqillik illərində təkcə Naxçıvan Muxtar Respublikasında 1200-dən artıq tarixi abidə öyrənilərək pasportlaşdırılıb ki, onun da 600-dən çoxu ölkə və dünya əhəmiyyətlidir. Lakin, biz sovet dövründəki orta məktəb dərsliklərində Mömünə Xatın, Qarabağlar, Yusif Küseyiroğlu türbələri və Əlincəqaladan başqa nəsə görməmişdik. Halbuki o dövrün “Qədim dünya tarixi” kitabında bizə Babil kahinlərinin hansı səmtə durub ibadət etdiklərini, neçə dəfə oturub-qalxdıqlarını, Misir fironlarının özünü yaxşı aparmayan qullara neçə çubuq vurdurduqlarını, qazların Romanı necə xilas etdiklərini, Hind kahinlərinin “fövqəlbəşər” münəccimliklərini, brahman və şudraların (qulların) həyatını ata-babalarımızın adı kimi əzbərlədirdilər.

Uzağa getmirəm, məsələn mən özüm Naxçıvan şəhərində müdafiə tikililərinin, qədim qalaların olduğunu universitetdə oxuduğum illərdə bilmişəm. Biz tələbə olanda tez-tez eşidirdik ki, kim bir-biriylə haqq-hesab “çürütmək” istəyir, gedir şəhərin kənarındakı “Köhnəqalaya”. Uçub-dağılmış, yalnız divarları qalan xarabalıq bir yer idi qala. Burada tez-tez qumar məclisləri qurulardı, bıçaqlanma, dava-dalaş baş verərdi. Bütün xoşagəlməz hadisələrin sorağı qaladan gələrdi. “Naxçıvanqalaya” “Köhnəqala” adını “yamamaqda”da sovet öz ideoloji riyakarlığını bir daha göstərmişdi. Çünki qırmızı imperiya işğalçı idi və qalalar da işğalçılara,istilaçılara qarşı mübarizə məqsədi ilə ucaldılır. Və bir də işğalçının qalası olmur, süngüsü, nizəsi olur. Onların məntiqi ilə biz öz mübarizə tariximizi unutmalı, əcdadlarımızın qılınc çaldıqları, qəhrəmanlıq göstərdikləri, dövlət qurduqları, mədəniyyət yaratdıqları “Naxçıvanqala” tarixdə “razborka” yuvası kimi qalmalı və xatırlanmalı idi.

Amma yox! Hakimi-mütləq zaman həmişə təsdiq edib ki, böyük tarixi və mədəniyyətləri olan xalqların dilini, ruhunu, milli birliyini, vətənpərvərliyini əbədi olaraq zəncirləmək, buxovlamaq mümkün deyil. O, bir gün vulkan kimi püskürür, qarşısında nə varsa, hamısını külə döndərir. Budur, biz müstəqil dövlət qurduq, onu möhkəmləndirdik, tanıtdıq, sevdirdik, gecə-gündüz keşiyini çəkə-çəkə  hər birimiz Vətənimizin sadiq əsgərinə çevrildik. Əlincəqaladakı at dırnaqlarının yerində uzun və rahat pillələr saldıq, qalanın zirvəsinə üçrəngli bayrağımızı sancdıq, Nuh Peyğəmbərə məzarüstü abidə ucaltdıq, Gəmiqayada muzey qurduq, adı və özü köhnəlmiş Naxçıvanqalamızı pillə-pillə, kərpic-kərpic bərpa etdik, ucaltdıq, həmin ərazidə möhtəşəm qala-şəhər və muzey qurduq. Nəhayət, “Köhnəqala”nı ürək ağrısı ilə yada saldığımız xatirəyə çevirdik.

Bu qala-şəhər bu gün həm də milli adət-ənənələrimizin və dəyərlərimizin yaşadıldığı festivallar mərkəzidir.

Naxçıvan özünəməxsus festival mədəniyyəti yaradır

Təbii ki, müasir dövrün reallıqları başqadır. Bu gün ölkələr iqtisadi gücünün artırılması istiqamətində bütün qüvvə və vasitələrdən istifadə edir. Bu da var ki, milli adət-ənənələri, dəyərləri yaşatmadan əldə edilən inkişaf da yaz yağışı təsiri bağışlayır. Ona görə də müasir dövrdə  dünya ölkələri  bir-birindən maraqlı idman və mədəni-kütləvi tədbirlərin, konfransların, simpoziumların və rəngarəng festivalların keçirilməsi naminə yarışa  giriblər. Bu yarış çərçivəsində həm milyonlarla turist və pul qazanılır, ondan da vacibi adət və dəyərlər təbliğ edilərək gələcək nəsillərə çatdırılır. İtaliyanlar “İlan”, hindlilər “Hindu”, braziliyalılar “Rio”, fransızlar “Şərab”, ispanlar “Öküz yürüşü” və “Pomidor”, ərəblər “Dəvə” və “Xurma”, izmirlilər (Türkiyə) “Üzüm” festivalı keçirməklə böyük iqtisadi gəlir əldə edirlər, ölkələrini tanıdırlar. Lakin bu festivallar əksər hallarda insanda heç bir mənəvi duyğu oyatmır. Daha çox şit musiqilərin, insan həyatını təhlükəyə atan yarışların, müsabiqələrin, qalmaqalların, qeyri-etik davranışların müşayiəti ilə başa çatır, adamda ikrah hissi doğurur.

Sadaladıqlarımızdan fərqli olaraq, özünü tarixilik, inkişaf, sabitlik və müasirlik adası kimi dünyaya təqdim edən Naxçıvan Muxtar Respublikası son illər həm də özünəməxsus festival mədəniyyəti ilə gündəmə gəlməyi bacarır. Fakt varsa, sözcülük etmək lazım deyil: Bizdə ilana, dəvəyə, öküzə, pomidora festival keçirilmir. Bizdə daha çox mənəvi yükü olan festivallar – “Yaradıcı əllər”, “Xalq yaradıcılığı”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları-bal”, “Kətə” festivalları – təşkil olunur, bu hesaba “Naxçıvanqala”ya yüz minlərlə turist və tamaşaçı toplanır. Bax, Naxçıvanda keçirilən festivalları digər ölkələrdə keçirilən analoji tədbirlərdən fərqləndirən əsas cəhətlərdən biri məhz budur. Digər ən əsas amil isə Naxçıvanda keçirilən festivalların xalqımızın genekodu – milli dəyərləri ilə birbaşa bağlı olmasıdır.

Naxçıvan festivalları tanıtım rəmzinə çevrilən məhsul və mətbəx nümunələrinin təbliği ilə yanaşı, həm də adət-ənənələrimizin, milli geyimlərimizin, musiqi mədəniyyətimizin, xalq yaradıcılığı nümunələrimizin, qədim tarixi-mədəni irsimizin kompleks şəkildə təbliğ olunduğu və yaşadıldığı mədəniyyət bayramına çevrilir. Biz bu festivallarda özümüzü daha da yaxından tanıyır, milli irsimizə daha dərindən bağlanmış oluruq.

Yeri gəlmişkən, deyim ki, bu cür festivallar həm də özlüyündə bir tanıtım mədəniyyəti formalaşdırır, bu prosesin daha geniş miqyas alması ilə şərtlənir. Vətəndaş jurnalistikasının inkişafına, sosial şəbəkələrdəki  aktivliyə, piar xarakterli video və fotoşəkillərin, şərh, rəy və məqalələrin dünya miqyasında yayılmasına təkan verir. Belə ki, ötən həftə keçirilən ikinci “Göycə” festivalının getdikcə daha da populyarlaşması dediklərimizi bir daha təsdiq edir.

Adəm Yunisov nümunəsi

Uzağa getmirəm, birinci göycə festivalından sonra Türkiyədə yaşayan naxçıvanlı gənc fəal Adəm Yunisov “Facebook” və “İnstaqram” sosial şəbəkələrində “GöyçəFest” adlı yaratdığı səhifəyə minlərlə izləyici toplaya bilib. Üstəlik, Naxçıvan göycəsini Naxçıvan duzu ilə birgə təqdim edən Adəm daha da irəli gedərək ikinci göycə festivalının loqotipini və çoxməzmunlu tanıtım videoçarxını da hazırlayıb. Bakı-2015 ilk Avropa Oyunlarının loqosunun da müəllifi olan Adəm tarixi abidələrimizin  görüntüsü fonunda Naxçıvanın xəritəsini göycə yarpağı formasında təqdim edir. Sonra onu yaşıl butalara, butaları isə fotoeffektlə göycəyə çevirir. Sonda milli ornamentlərləri milli təbii nemətlə -göycə və duzla üzvi vəhdətdə birləşdirir…

Təbii ki, belə festivalların təşkilində əsas məqsəd heç də iqtisadi maraqlar deyil. Baxmayaraq ki, bu dəfə keçirilən “Göycə” festivalına 100-dən çox bağbanın 20 tondan çox məhsulu çıxarılaraq satılıb… Məqsəd qədim tariximizin, mədəniyyətimizin, millilik-etnik dəyərlərin, bu torpağın şəfaverici havasının, suyunun, münbitliyinin, brend məhsullarının təbliğinə nail olmaq, ona sahib çıxmaq, həmçinin, xarici qonaqların, turistlərin diqqətini bura yönəltməkdir. Bu işə sadə insanların da güc və imkanlarını səfərbər etməkdir. Dəyərli nümunələr də var. Festivallardan təsirlənərək kimi şeir yazır:

Bu torpağın alı var,

Yamacı var, yalı var

Bu il də Naxçıvanda

Göycə festivalı var…

Kimi foto və videolar çəkib paylaşır, kimi isə sosial şəbəkələrdə öz duyğu və düşüncələrini milyonlarla izləyici ilə bölüşür:

 “Naxçıvanda ta­ri­xi abi­də­lə­rə ye­ni hə­yat ve­ri­lib, xalq ya­ra­dı­cı­lı­ğı gün­lə­ri təş­kil olu­nub, mil­li kö­kə bağ­lı­lıq nü­ma­yiş et­di­ri­lib. Ağa­ciş­lə­mə, pa­paq­çı­lıq, dül­gər­lik, to­xu­cu­luq, xal­ça­çı­lıq, də­mir­çi­lik, mis­gər­lik, du­lus­çu­luq, ağac üzə­rin­də oy­ma ki­mi qə­dim sə­nət sa­hə­lə­ri qo­ru­nub sax­la­nıb. Son il­lər el sə­nət­kar­la­rı üçün ema­lat­xa­na­lar is­ti­fa­də­yə ve­ri­lib, əl iş­lə­rin­dən iba­rət sər­gi­lər təş­kil olu­nub. Apa­rı­lan ti­kin­ti-qu­ru­cu­luq iş­lə­rin­də mil­li or­na­mentlə­rin tət­bi­qi­nə üs­tün­lük ve­ri­lir. Bə­dii ya­ra­dı­cı­lıq pro­se­sin­də də mil­li də­yər­lə­ri­mi­zin öy­rə­nil­mə­si və təb­li­ği­nə diq­qət ar­tı­rı­lıb. “Nax­çı­van mət­bə­xi”, “Nax­çı­van tik­mə­lə­ri” və “Ta­ri­xi qay­naq­lar­da Nuh pey­ğəm­bər” ki­tab­la­rı, üç cildlik “Nax­çı­van folklo­ru” an­to­lo­gi­ya­sı nəşr et­di­ri­lib. Yal­lı­lar no­ta kö­çü­rü­lüb və onun əsa­sın­da “Nax­çı­van – Şə­rur el yal­lı­la­rı” ki­ta­bı çap olu­nub. Bu­nun­la ya­na­şı, yal­lı­lar­dan iba­rət kom­pakt disk də bu­ra­xı­lıb”.-deyə yazan İradə Sarıyeva adlı sosial şəbəkə istifadəçisi görülən bu işlərin təbliği və tanıdılmasında keçirilən silsilə festivalların əhəmiyyətini önə çəkir.

Öz tarixinə və mədəni irsinə sahib çıxmayanların maddi və mənəvi sərhədlərini həmişə başqaları cızır

Göründüyü kimi, artıq indi hər birimiz daha dərindən başa düşürük ki, öz tarixinə, mədəni irsinə sahib çıxmayanların maddi və mənəvi sərhədlərini həmişə başqaları cızır. Zaman onu diqtə edir ki, biz öz maddi və mənəvi dəyərlərimizin tanıtım sərhədlərini turistlərdən də istifadə etməklə daha da genişləndirək. Bu mənada muxtar respublikada kənd turizminin genişlənməsinə diqqətin artırılması da xüsusi qeyd edilməlidir. İşlərin intensiv və planlı gedişi göstərir ki, Naxçıvanqalada formalaşan festival ənənəsi yaxın vaxtlarda rayon və kəndlərə də ayaq açacaq. Sədərəkdə “Üzüm”, Ordubadda “Limon” və “Ərik”, Küküdə “Alma” və “Cəviz”, Şərurda “Şaftalı”, Nehrəmdə “Qarpız”, Sirab və Badamlıda “Su”, Çalxanqalada “Şərab” festivallarına şahidlik etmək, bu bölgələrin həm də kənd turizm  imkanlarının, folklor və mədəni irsinin təbliğ olunmasına yeni imkanlar aça bilər. Bu festivallar çərçivəsində bölgələrin müasir infrastrukturu, folkloru, mətbəx nümunələri, şəfalı otları, təbii məhsulları daha geniş auditoriyaya çıxarıla bilər.

Şübhə yoxdur ki, səfalı dağ kəndlərimizin festival novrağını görən turist həm də oraların təmiz havasından, saf suyundan, sağlam qidalarından dadacaq, növbəti il bir də həmin kəndlərə üz tutacaq. Özü də bu dəfə ailəsini, dost-tanışını,qohum-əqrəbasını, qonum-qonşusunu da yanında gətirəcək. Və qazanan yenə də biz olacağıq. Kəndli yetişdirdiyi, istehsal etdiyi məhsulunu öz qapısının ağzında satacaq, bol qazanc əldə edəcək və bundan ruhlanıb daha çox əkib-becərəcək. Naxçıvana isə turist axını artacaq, bu işlər iqtisadi cəhətdən böyük səmərə verəcək. Amma ən əsası milli və tarixi-mədəni irsimiz yaşadılacaq, təbliğ olunacaqdır. Məqsəd də bu deyilmi?..

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: