Azərbaycan Respublikasının Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabının ingilis dilində nəşr edilmiş cildlərinin Haaqa şəhərində, Niderland parlamentində təqdimatı keçirilib.
NUHÇIXAN xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda Niderland rəsmiləri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, müxtəlif diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Elmira Axundova deyib: “Ulu öndər Heydər Əliyevdən “Sizin haqqınızda kitab yaza bilərəmmi”, – deyə soruşdum. Ümummilli lider “Yaz, Elmira, yaz”, – deyə cavab verdi. Beləliklə, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının əsası qoyuldu”.
Müəllif gərgin zəhmət bahasına ərsəyə gəlmiş əsərdə Ulu Öndərin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq üçün dövlət arxivlərində və şəxsi arxivlərdə apardığı araşdırmalardan danışıb, bunu ömrünün şərəfli illəri kimi səciyyələndirib. Bildirib ki, yeddicildlikdə tarixi şəxsiyyətin həyatına paralel olaraq, həmin dövrdə baş vermiş hadisələr, tarixi proseslər geniş şərh edilib. Heydər Əliyev şəxsiyyətinin hərtərəfli təqdim edilməsi üçün 300-dən çox şəxslə görüş keçirilib və onların Ulu Öndərlə bağlı xatirələri qeydə alınıb. Əsər 14 ildən artıq bir müddətdə hazırlanıb. Kitabın üç cildi xarici dillərə tərcümə edilib və artıq bir neçə ölkədə təqdimatı keçirilib.
“Mən çox şadam ki, Ümummilli Liderimizin həyatını, bütövlükdə XX əsri əhatə edən bu dəyərli kitablar Avropanın mərkəzində, Haaqada, Niderland parlamentində təqdim olunur. Əminəm ki, bu kitabları oxumaq hamı üçün maraqlı olacaq. Çünki bu nəşrlərdə keçmiş SSRİ-də yaşayan xalqların həyatından, müstəqilliyin çətinliklə əldə edilməsində Heydər Əliyevin əvəzedilməz rolundan bəhs olunub”, – deyə E.Axundova diqqətə çatdırıb.
Bildirilib ki, kitabın Avropanın siyasi mərkəzlərindən birində – Haaqa şəhərində, Niderland parlamentində təqdimatı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə ölkəmizin hüdudlarından kənarda verilən dəyərin bariz nümunəsidir. Təqdimat mərasimində Avropada, xüsusilə də Niderlandda Heydər Əliyev şəxsiyyətinə böyük maraq göstərildiyi vurğulanıb. Bu baxımdan “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının ingilis dilində çap edilməsi Avropa ictimaiyyəti üçün dəyərli hədiyyədir.
Niderland parlamentinin deputatları Tunahan Kuzu, Selcuk Öztürk, Songül Akkaya, Xristian Demokrat Partiyasının nümayəndəsi Osman Elmacı çıxış edərək Heydər Əliyev şəxsiyyəti, onun dünya siyasətindəki özünəməxsus yeri haqqında fikirlərini bölüşüblər.
Tunahan Kuzu deyib: “Heydər Əliyevi uşaqlığımdan tanıyıram. İllər keçdikcə tarixi araşdırmalar apardım və Sovet İttifaqının dağılmasından sonrakı dövrlə tanış oldum. Heydər Əliyev o dövrdə çətin şəraitdə dövlət qurdu. Bu, hər şəxsiyyətin bacaracağı iş deyildi. Biz onu hörmət və rəhmətlə anırıq. Bizim ondan öyrənəcəyimiz çox şey var. Elmira xanımın kitabını oxuyub özümüz üçün nümunələr götürəcəyik”.
Niderlanddakı yəhudi icmasının rəhbəri Qriqori Pasternak həyatında yalnız bir dəfə Bakıda olduğunu qeyd edib. “Bakıya səfərim Azərbaycan xalqı üçün çətin dövrə təsadüf etmişdi. Məhz həmin dövrdə Heydər Əliyev Azərbaycana gələrək öz xalqının taleyində həlledici rol oynayıb. Bu gün inkişaf etmiş Azərbaycana baxanda onun zəhmətinin hədər getmədiyi aydın görünür”, – deyə Q.Pasternak vurğulayıb.
Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov kitabın məziyyətlərindən söz açıb. O, Heydər Əliyevin Sovet İttifaqı dağılandan sonra ölkəmizin yenidən dirçəlməsində böyük rol oynamasından danışıb.
Qeyd edək ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatı rus dilinə də tərcümə edilib. Bu yaxılarda əsərin türk dilində nəşrinin təqdimatı keçiriləcək. Gələcəkdə kitabın fransız, ispan dillərinə tərcümə edilməsi də nəzərdə tutulur.