Həqiqət carçısı olan nağıllar

140

Azərbaycan şifahi xalq ədəbiyyatında nağıl və dastanların özünəməxsus yeri var. Son vaxtlara-televizor, internet geniş yayılana qədər məclislərdə, uzun qış gecələrində evlərdə, insanların toplana bildiyi məclislərdə dastan və nağıllar söylənərdi. Hər kəs azı bir neçə nağıl və dastan bilsə də, bəzi  adamlar- “nağılbaz”lar xüsusi şirinliklə nağıl söyləyərdi.

Mövzusundan asılı olmayaraq bütün nağılların sonunda göydən üç alma düşərdi. Maraqlıdır ki, danışılan yüzlərlə nağılın sonunda göydən nar, armud, heyva və sair meyvə düşmürdü. Niyə məhz alma?

Azərbaycan folklorunda və etnoqrafiyasında alma ilə bağlı çoxlu məlumatlar vardır. Məsələn, xəstə və yaşlıların görüşünə getmək üçün: “Elə iki alma ilə gedib kefini soruşmaq lazımdır”,  ya da “Bayramlaşmaq üçün bir alma götür, get”, – deyirlər.

Xalq arasında: “Almanı atdım xarala, qaldı sarala-sarala”, – bəndli bir şeir var. Əvvəllər meyvəni, xüsusən almanı çox saxlamaq üçün buğdanın içərisinə qoyardılar. Adaxlı qız almanı xarala (cecim və palazdan tikilmiş böyük kisə) buğdanın içərisinə qoyub toya saxlayır. O vaxt payız fəslində olan toyun yubanmasını adaxlı qızın adından nəzmə çəkmişlər.

Nağıllarımızda alma arzu kama çatmaq üçün vasitədir. Bir çox nağıllarda övladı olmayana dərviş gəlib alma verir.

“Məlikməmməd” nağılında divlərin oğurladığı alma insanları cavanlaşdırır. Bu nağılda maraqlı bir məqam var. Qardaşları quyuya sallayanda “vay yandım” deyə çığırırlar. Görünür ata-babalarımızın geotermik pillə (hər 33 metr dərinliyə endikdə temperaturun bir dərəcə artması) haqqında təsəvvürləri var imiş.

Xalq arasında dəvətsiz gələn adama: “Dalınca qırmızı alma göndərməmişəm”, – deyirlər. Qədim adətə görə toya adamları dəvət edəndə evə bir qırmızı alma verib: “Filankəsin toyuna dəvət olunursunuz”, – deyirdilər.

Son vaxtlara qədər gəlin gələndə bəy sağdış, solduşu ilə dama çıxar, toplaşan camaatın üzərinə şirniyyat (konfet, keçmiş zamanlarda qax) atardılar. Bəy əlində saxladığı bir ədəd almanı gəlinin başına atardı. Dahi şairimiz Məmmədhüseyn Şəhriyar da bu hadisəni sadə xalq dilində qələmə alıb.

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,

Bəy gəlinə damdan alma atanda,

Mənim də o qızlarında gözüm var.

Aşıqların sazlarında sözüm var.

Bəzən alma atma adətinin mənasını bilməyən, cahil bəy var gücü ilə gəlinin başına vurmağa çalışırdı. Çox zaman alma üzü duvaqlı gəlinin başını yaralamasın deyə kişilərdən biri papağını gəlinin başına tutardı. Azərbaycan etnoqrafiyasında alma atmaq kimi isə vurmaq üçün olmayıb, sevgi əlamətidir.

 Nağıllarımızda bu adət aydın şəkildə öz əksini tapıb. Şahın qızları küləfrəngidə dayanır. Camaat oradan keçir, qızlar kimi bəyənirsə ona alma atırlar. Bizə elə gəlir ki, bəyin gəlinə alma atması bu adətlə bağlıdır. Camaatın qarşısında alma atır ki, mən bu qızı bəyəndim.

Nağıllara əslində əyləncə metodu kimi baxmaq düz deyil. Bu həm də xalqın etnoqrafiyası, gen yaddaşı və ənənəsini özündə daşıyan bir saxlanc yeridir. Nağılları tədqiq etməklə, araşdırmaqla xalqımızın min il əvvələ gedib çıxan yaşam tərzini öyrənmək olar.

Məsələn, nağıllarımızda ənənəsi neçə min ilə əvvələ gedib çıxan  qoyun və qoyunçuluqla bağlı maraqlı məqamlar vardır. “Səndən min (beş yüz) qoyun istəyirəm, hamısının dizi qara, gözü qara olsun”- yəqin ki bu ifadə uşaq vaxtı nağıla qulaq asanların yadındadır.  Bizə elə gəlir ki, burada da Naxçıvanın yerli sortu olan “balbas” qoyunlarından söhbət gedir. Təmiz cinsli “balbas” qoyun cinslərində gözün ətrafı, ağız və diz qapağı qara olur.

Nağıllarda təkcə məişət deyil, həmçinin kosmosla bağlı məqamlar da yer alıb. Bu məqamlardan biri “Koroğlu” dastanındadır. Burada  deyilir ki, Alı kişi bir daş tapdı, sonra həmin daşı apardı qılınc ustasına ki, mənə bundan bir ədəd qılınc düzəlt. Usta əvvəlcə Alı kişini tənə ilə qarşılayır ki, dünyagörmüş adamsan, daşdan da qılınc olar? Sonradan isə daşdan “Misri qılınc”ı düzəldir.

Əgər  “Hər bir mifin arxasında bir azca həqiqət dayanır” fikrini qəbul etsək, onda, çox güman ki, “Koroğlu” dastanındakı bu hadisə heç də  əfsanə olmayıb, həqiqətdir. Naxçıvan ərazisindən tapdığımız bir neçə daş bunu sübut edir. Belə ki, əslində bu “daşlar” dəmirdəndir. Maqniti asanlıqla çəkir, meteorit  parçası olan bu “daş dəmirlər” suda uzun müddət qalsa da paslanmır. Ola bilsin ki, “Misri qılınc” da bu cür materialdan hazırlandığı üçün paslanıb-korşalmırdı.

Yenə “Koroğlu” dastanında Alı kişi Koroğlunu göndərir ki, dağda çıxan bulaqdan gözlərinin şəfa tapması üçün su gətirsin. Koroğlu əvvəlcə sudan özü içir, bir də qabı doldurmaq istəyəndə bulaq quruyur.

Naxçıvan Muxtar Respublikası ərazisində olan bir çox mineral bulaqlar fasilələrlə çıxır. Maraqlı insanlar saatlarla oturub suyun fontan vurmasını gözləyirlər. Buna misal olaraq Nəhəcir dağının ətəyindəki “Şor su” və Əshabi-Kəhf ziyarətgahının yaxınlığındakı “Təndir bulağı” göstərmək olar.

Bundan başqa Sirab kəndində “İydəli pir” adlanan yerdə bir bulaq vardır. Bulaq müəyyən illərdə may ayının axırında çıxır. 20-30 gündən sonra quruyur. Maraqlıdır ki, bir saatın içərisində qayanın çatlarından köpüklənib qalxan su bir günün içərisində də quruyur.

Müdrik ulu babalarımızın yaratdığı nağıl və dastanları diqqətlə oxusaq bu cür maraqlı uyğunluqla yanaşı, yüz illər ərzində baş verəcək inkişaf və tapıntıların da qeyd olunduğunu  müşahidə edərik. Məsələn, nağıllarda deyilir ki,  taxtadan qadın düzəldib, əyninə paltar tikib, ona nəfəs verərək canlı insana çevirdilər. Bu gün robot qadın düzəldildi. Barmaqları arasından baxıb hansısa ölkəni gördü (telefonla görüntülü danışıq), taxta at düzəltdi, puçunu burdu havaya qalxdı (helikopter) və sair.

Amma, əfsuslar olsun ki, daha nənələr nəvələrə bu cür nağıllar demir, nəvələr də nağıla yox, indi bu nağılların içərisindən çıxaraq müasirləşən qurğulara meyl edirlər. Lakin nə qədər müasirləşsək də yenə nağıllara ehtiyacımız var. Ən azından keçmişdə düşüncələrimizi araşdırmaq, öyrənmək üçün bu mütləq lazımdır.

Zaleh Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: