Həm də təkcə bu gün yox…

262

Bir mənzərə var qarşımda. Sizi inandırım ki, dünyanın ən gözəl görüntülərini belə üstələyib keçər bu mənzərə. 87 il dünyanı seyr etməsinə baxmayaraq, işıl-işıl yanan gözlər. Yorğunluqdan qırışıb aşağı doğru sallanan göz qapaqları. Saçların rəngini yəqin ən usta rəssam belə çəkə bilməz- qar kimi ağappaq rəngin upuzun telin sonuna doğru qızılı tonla qovuşması.  Sizcə də sehrli deyilmi? Amma mənzərənin ən gözəl tərəfinin təsvirini bir az gecikdirdim. Canlı mənzərədə biri daha vardı. O ağappaq ağarandan sonra saçın uclarına yaxınlaşdıqca qızılıya çalan xınalı telləri ehmalca, asta-asta  darayan bir qadın idi. Təbii ki, biz balaca qızının saçını ehtiyatla darayan analar çox görmüşük. Amma əksinə anasının saçını darayan qızlarla isə nisbətən az qarşılaşmışıq. İndi də qarşımda oturan qadın vaxtilə anasının etdiyinin eynisini təkrarlayırdı- saçlarına toxunaraq yumşaq sığal çəkirdi əlləri ilə qayğıkeşcəsinə.

Yaşlanmaq uşaqdan heç də fərqinin olmadığı bir zaman kəsiyidir. Əslində hər şey olduğu kimidir, zaman tarazlamaları belə. İlimiz 12 ay, günümüz 24 saatdır, lakin yaşa dolmuş kimdən soruşsan deyəcək ki, vaxt su kimi axıb, gedib, illər isə “Ömür” adlı tamaşanın sonuncu pərdəsində rol qazandırıb ona. Geriyə sadəcə səhnənin bitməsi, pərdənin enməsi qalıb. Sonrasında isə…

El arasında yayılmış çox gözəl bir ifadəmiz var. Deyir ki, Allah heç bir evi böyüksüz eləməsin. Əslində bir deyimimiz daha var: “Dövlətdə dəvə, övladda nəvə”. Hə, bəzən siz fərqində olmasanız belə, bu baba və nənələr sizdən daha çox zaman ayırar övladlarınıza, öz yaddaşına yazar dil açıb nənə, yaxud da baba dediyi tarixi. Bəlkə də əlindən tutub ilk addımı atmasına təkan verən də elə onlar  olub.

Əslində yaşlı insanların uşaq kimi küsəyən, ərköyün, eyni zamanda qayğımıza ehtiyacları olduqlarını dilə gətirmişik həmişə. Bəs onların bizə öyrətdikləri? Yaşadıqları ömürdən  qazandıqlarını bizə ərməğan etməkləri?

Asan yaşanmaz bir ömür. Keçdiyi yollarda ağrı-acılı, bəzən də xoş təcrübələr ilişib qalar insanın saçlarına. Sonra da həmin təcrübələri ovuc içlərindən barmaq uclarına doğru alıb səpələr addımbaşı. Məqsəd, təcrübədən pay verərək, yetişməkdə olan nəslə faydalı nəsə aşılamaqdır.

Böyüyə hörmət müqəddəs dinimizdə öz əksini tapır. Millət olaraq da mentalitentimizdən irəli gələrək gözümüzü açandan evdə böyüyün sözünə qarşı çıxılmadığını, üzünə ar olunmadığını görmüşük. Təəssüflər olsun ki, az da olsa məsələnin digər tərəfi ilə rastaşdığımız hallar da olur. Övladını uşaqlıq duyğusundan məhrum edən valideynlər olduğu kimi, valideynlərini də nənə-baba duyğusundan, “balalarının əhatəsində” yaşlılıq qayğısından məhrum edən övladlar da var. Bu zaman isə Tanrı haqqına bərabər tutulan haqqın verdiyi məsuliyyət, qismən də vahimə belə xilas edə bilmir onları tənhalıqdan. Ya dövlətin qayğısı ilə “Qocalar evi”nin sakinidirlər, ya da ki, qohum-qonşunun köməyi ilə  günlərini keçirirlər. Di gəl ki, qaldığı otağa, yaşadığı evinə qonaq getdinmi elə gülərüzlə qarşılayırlar ki…

Bir də, insanlar var, onlar gözlərilə deyil qəlblərilə izləyər önündəkini. Bu zaman dərdmiydi, kədərmi, bilmirəm, amma, onların gülüşlərinin ardındakı, gözlərindəki acının dərinliyini və qaranlığını görmək mümkündür. İnsanın  gülüşünün kölgəsində qaranlıq gözə dəyərmi heç? Bilmirəm. Bəlkə də!

Əziz oxuclarım, bəlkə də, deyəcəksiniz ki, bu duyğu yüklü notlarla yazılmış yazı nə üçün bu gün işıq üzü gördü?! Bəlkə də, bir çoxunuz bu günün “Beynəlxalq ahıllar günü” olduğunu xatırlayacaq. Bəli, bu gün həmin gündür. Evimizdəki mənzərə ilə başladım, ahıllar evindəki hamımızın nənə-babası sayılanların gözlərinin dərinində gizlənən ümidlə  irəlilədik. Dövlətin hər bir ahılına orada öz evi kimi şərait yaratması danılmaz nüansdır. Ancaq o da reallıqdır ki, necə ki, hər bir gənc qız ailə qurur sonra ata evinə qonaq kimi gəlir, tələsir evinə-yuvasına getməyə, eləcə də, hər ata-ana sadəcə oğlunun evində özünü xoşbəxt və rahat hiss edir. Deməli ailəmizə, böyüyümüzə, ən əsası keçmişimizə sahib çıxmaq hər övladın mənəvi borcudur. Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək,  könüllərini sevindirmək, ürəklərinə ümid işığı səpmək lazımdır… Həm də təkcə bu gün yox…

Yaşı çox olsa da  dünyamıza həmişə sevgi ilə tamaşa edən ahıllarımız, bayramınız mübarək!

   Böyüklərinə sevgi və hörmətlə

             Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: