Həkim məsləhəti

166

Yaşadığımız dövrdə dəm qazı ilə zəhərlənmə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Xüsusilə qış aylarında belə hallar evi qızdırmaq üçün qaz cihazlarından istifadə zamanı, həmçinin hamam otağında baş verir. Bəzən isə səhlənkarlıq, laqeydlik, məsuliyyətsizlik bədbəxt hadisələrin baş verməsinə səbəb olur.

Bu faciədən qorunmaq üçün, ilk növbədə, onun əlamətlərini bilmək lazımdır. Dəm qazının orqanizmə öldürücü təsir göstərməyinin səbəbi onun qanda tez bir zamanda hemoqlobinlə birləşməsidir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində huş itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur.  Ürək çatışmazlığı, qan təzyiqinin düşməsi, nəfəs çatışmazlığı getdikcə dərinləşir, insan çox ağır vəziyyətə düşür. Bu zaman, ilk öncə, təcili tibbi yardım çağırmaq lazımdır. Hətta zərərçəkən vəziyyətdən çıxsa belə, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin. Həkim gələnə kimi zərərçəkəni dərhal təmiz havaya, yaxud da havası yaxşı dəyişdirilən otağa çıxarmaq və kip bağlanan paltarda kürəyi üstə uzatmaq lazımdır, çünki, bədənin hərarəti düşür. Zərərçəkənin bütün bədəni davamlı ovuşdurulmalı, başına və sinəsinə soyuq dəsmal qoyulmalıdır. Xəstəyə həmin vaxt çalışıb azacıq da olsa belə, çay içirmək məsləhətdir.

Əgər xəstə huşunu itiribsə, onun burnuna bir az aralıdan naşatır spirtində isladılmış pambıq tutulmalıdır. Başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq şirin çaya limon qatılıb verilə bilər.

Dəm qazından zəhərlənən xəstənin tənəffüsündə kəskin problem yaranıbsa, ona mütləq süni nəfəs vermək lazımdır.

Xüsusi olaraq qeyd edim ki, dəm qazından zəhərlənmə bəzən acı nəticələrə səbəb olur. Ona görə də qaz sobalarından və qızdırıcı cihazlardan istifadə edərkən diqqətli olmalı, standart sobalardan istifadə etmək lazımdır. Çünki hər bir kiçik diqqətsizlik böyük faciələrə səbəb ola bilər. Bəzən isə belə hallarda həkimlər də xəstələrə lazımi yardım göstərə bilmirlər. Dəm qazından zəhərlənmənin baş verməsini çox vaxt halsızlıq, yorğunluq kimi qəbul edirlər. Amma hər kəs bilməlidir ki, belə hallar zəhərlənmənin ilkin və çox qısa çəkən əlamətləridir. Əgər bu gün belə bir hal baş verməyibsə, arxayınlaşmaq olmaz. Hər anın səhvi gözlənilməz bir faciənin yaranmasına səbəb ola bilər. Diqqətli və məsuliyyətli olmaq lazımdır ki, həyatımız təhlükə qarşısında qalmasın.

Təmleyxa Cəbiyev

Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkimi

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: