Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir
Bu gün muxtar respublikada kənd təsərrüfatı yönümlü sahələrin inkişafı üçün mütəmadi olaraq güzəştli şərtlərlə kreditlərin verilməsi tədbirləri davam edir. NUHÇIXAN-ın məlumatına görə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2018-ci ilin 9 ayı ərzində 30 layihə maliyyələşdirilib. Bunların 27-si kənd təsərrüfatı yönümlüdür.
Kənd təsərrüfatı sahəsinə ayrılan güzəştli kreditlər yeni ailə təsərrüfatlarının yaranması və inkişafına da öz müsbət təsirini göstərir. Babək rayonunun Qahab kənd sakini Xaliq Bağırov da öz heyvandarlıq təsərrüfatını inikişaf etdirmək üçün dövlətin güzəştli kreditlərindən bir neçə dəfə istifadə edib. O, bu il də Sahibkarlığın İnkişafı Fonduna müraciət edərək 25 min 100 manat dəyərində olan güzəştli kreditdən yararlanaraq heyvanların baş sayını 400-ə çatdırıb.
İqtisadi cəhətdən yüksək gəlir gətirən arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə muxtar respublikada mühüm tədbirlər görülür. Bu sahənin inkişafında təbii ki, güzəştli şərtlərlə verilən kreditlər mühüm rol oynayır. Babək rayonunun Aşağı Buzqov kənd sakini Məhərrəm Eyvazov da arı ailələrinin sayını artırmaq üçün güzəştli kreditdən yararlanıb. Arıçı verilən kredit hesabına arı ailələrinin sayını 100-ə çatdırıb.
Novruz Məmmədov