Günnüt qədim yurd yerimiz, əzəli Azərbaycan torpağıdır

Kəndin adının mənşəyi də bunu bir daha sübut edir

324

Düzgün və dəqiq müəyyənləşdirilmiş siyasət hesabına və ordumuzun növbəti uğurlu əməliyyatı nəticəsində Şərur rayonundakı qədim Günnüt yaşayış məskəni və ətraf əraziləri də düşməndən azad olundu. Mən sevincimi “Günnüt” adının izahı ilə ifadə etmək qərarına gəldim. Bu adın mənşəyi haqqında elmi ədəbiyyatlarda xeyli məlumat vardır.

Bu yaşayış məntəqəsinin keçmiş adı Günnüt Cəfərli olub. Kənd Cəfərli nəsli tərəfindən “Günnüt” adlı yerdə salınıb. Ona görə də bu yaşayış məntəqəsi belə adlandırılıb. “Azərbaycan toponimləri” kitabında “Günnüt” sözü ehtimal şəklində “güney, gün çox düşən yer” kimi mənalandırılır. Alimlərdən akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev bu adın mənasının məlum olmadığını, lakin adın türk dillərində “günet” sözündən yaranıb “dağın gün düşən tərəfi” mənasını verdiyini ehtimal edirlər. Həmin alimlər “Naxçıvan diyarının yer yaddaşı” kitabında isə fərqli mövqedən çıxış edirlər: “Şərur rayonundakı “Günnüt” kənd adı qədim türk mənşəli Hun (Xun) etnonimindən və qədim türk dillərində cəm bildirən şəkilçidən ibarətdir. Xunut dağının adı ilə mənşəcə eynidir. Bu toponim ­“günəşli yer, güney” mənasını da ­verir”.
Həmin mənbədə daha sonra bunlar qeyd olunub: Xunut Şərur rayonunda Günnüt kəndinin şimalında dağdır. Eramızın əvvəllərində Şimaldan gəlib məskunlaşmış hun etnonimi ilə bağlıdır. Qədim hun etnoniminin əsl forması məhz Xun olmuşdur. Dağın adı Xun etnonimindən və qədim türk dillərində cəm bildirən -ut şəkilçisindən ibarətdir. Həmin dağın adı təhrif olunmuş şəkildə Günnüt kəndinin adında əksini tapıb.

Qiyasəddin Qeybullayev vaxtilə yazdığı bir məqalədə bu adın qədim türk dillərində “çəmən, düzən” mənasında olduğunu qeyd edib.
Əziz Novruzlu və Vəli Baxşəliyev isə həmin fikrə əsaslanaraq “Şərurun arxeoloji abidələri” kitabında yazırlar: – “Günnüt kəndi qədim türk dillərində çəmən, düzən deməkdir. Sonuncu Şərur ərazisində olan kəndin coğrafi mövqeyi və relyefi ilə düz gəlməsə də, çəmənlik sözü uyğun gəlir. Sözü dil baxımından izah etsək, onu “gün vuran yer” kimi mənalandırmaq olar. Ola bilsin ki, kəndin coğrafi ərazisinə vaxtilə günnük (gün vuran yer, güney) deyilmişdir. Görünür, sonralar sözün sonunda olan “k” səsi zaman keçdikcə “t” səsi ilə əvəz edilmişdir”.
Bildirək ki, Azərbaycanda “Günnüt” adına fonetik cəhətdən yaxın olan Küngüt dağı, Aşağı Küngüt kəndi, kəndin yaxınlığında yerləşən dağın ərazisində Küngüt təpəsi, Küngüt dərəsi, Küngüt çuxuru, Küngüt yarğanı və sair oroqrafik obyekt adları qeydə alınıb.
Küngüt dağ adının mənşəyini tədqiq edən Nadir Məmmədov qeyd edir ki, adın mənşəyi və mənası haqqında yerli sakinlər müxtəlif rəvayət və mülahizələr söyləyirlər. Rəvayətlərin birində deyilir ki, dağın yaxınlığında yerləşən sakinlər vaxtilə saxsı qablar, bulaq sularını digər ərazilərə aparmaq məqsədilə saxsı borular düzəldirmişlər. Kənd sakinlərinin bu peşə və sənətinə görə kəndə və onun yaxınlığında yerləşən dağa Küngüt deyilib. Küngüt qədim türk dillərində işlənən “küng” sözündən olub, “saxsı qab”, “boru düzəldən” mənasındadır.
“Lakin toponimik araşdırmalar yerli xalqın söylədiyi bu mülahizəni rədd edir”, – deyən Nadir Məmmədov fikrini belə tamamlayır: ­“Tarixi mənbələri izlədikdə məlum olur ki, monqol işğallarında iştirak edən türkdilli tayfalardan birinin adı kinqit olmuşdur. Şəki rayonundakı Küngüt kəndinin adı da kinqit tayfasının adındandır. Deməli, tədqiq etdiyimiz Küngüt dağı və dağın yaxınlığında yerləşən oroqrafik obyekt adları da bu tayfanın adını daşıyır. Oroqrafik obyekt adlarının “Küngüt” yazılış variantı kinqit etnoniminin fonetik şəklidir”.
Küngüt XVIII əsrdə monqolların tərkibində Qabaq Asiyaya gəlmiş “kinqit” tayfa adının yerli tələffüz formasıdır. Rəşidəddin monqol tayfaları hesab etdiyi suqait, uryat, tanğıt, curyat, elçiyin, sunit, qurqan, tatar, saray və sair türk tayfaları ilə yanaşı, kinqit tayfasının da adını çəkmişdir. Keçmişdə uyğurlara məxsus Küngüt şəhərinin, XIX əsrdə Cavad qəzasında mövcud olmuş Küngüt kəndinin adları da, şübhəsiz ki, bu etnonimlə əlaqədardır.
Müxtəlif monqol və monqolların tərkibində Azərbaycana gələn türk tayfalarının adları ilə bağlı yaranan toponimləri tədqiq edən Ağamusa Axundov Azərbaycan toponimiyasında mövcud olan monqol arealını kiçik areal hesab edir. Məlum olduğu üzrə, XIII əsr boyu Azərbaycana çoxlu monqol hücumları olmuşdur. Monqollar Cəbə və Subutayın başçılığı ilə 1220-ci ildə Azərbaycana gəlmiş və XIV əsrin ortalarına qədər burada hökmranlıq etmişlər. Zunud, Küngüt, Corat monqolların yürüşündə iştirak etmiş tayfalardır. Onlar Azərbaycan toponimiyasında məhdud dairədə də olsa, işlənməkdədir.
Ağamusa Axundov Şərur rayonunun Cəlilkənd inzibati ərazi bölgüsünə daxil olan Günnüt kəndinin adını “Küngüt” yer adının başqa deyiliş forması hesab edir və beləliklə, oykonimin “kinqit” etnonimindən yaranması fikrinə şərik çıxır.
Firudin Rzayev də Günnüt kənd adını etnooykonim kimi qəbul edir. Lakin o, Günnütü kəngərlərlə əlaqələndirir: “Kanq komponenti və -ut cəmlik şəkilçisindən formalaşan oykonim “kəngər” tayfa adının “kanq” komponenti ilə eynidir… “Kanqlar”, yəni “kəngərlər” mənasını özündə qorumaqdadır.
Rəşidəddinə əsaslanan Qiyasəddin Qeybullayev də monqol və türk tayfaları arasında kinqitin adını çəkir.
Əbülqazi Bahadır xan “Şəcəre-i Terakime” əsərində türk qəbilə-boy adları sırasında “Üngüt” adını da qeyd edir. Vaxtilə şəhərin qapılarını qorumaq Hıtay padşahları tərəfindən bir neçə türkə həvalə olunur. Bu iş nəsildən-nəslə davam edir. Onlara “üngüt” deyirlər. Üngüt “qala qapıçısı” anlamına gəlir.
“İrəvan əyalətinin icmal dəftəri”ndə Dərələyəz mahalına aid Kərinüd kəndinin “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə “Künküd” şəklində yazılışına aid qeyd vardır.
Bütün bu deyilənləri ümumiləşdirsək, belə fikrə gəlmək olar ki, “Küngüt” adlı oronim və oykonimlər, yəni dağ və yaşayış yeri adları, şübhəsiz ki, qeyd olunan “kinqit” etnoniminin adından ­yaranmışdır.
Lakin “Günnüt” oykoniminin izahına fərqli yanaşmaq olar. Bəzi qaynaqlarda “gün” adlı türk etnonimi haqqında məlumatlara rast gəlinir. Qiyasəddin Qeybullayev “Toponomiya Azerbaydjana” (“Azərbaycan toponimiyası”) kitabında yazır ki, “gün” türk etnonimidir. Gün tayfası Mərkəzi Asiyada yaşamış, Qərbə hərəkət edərək 1030-1049-cu illərdə “qayı” tayfası ilə birlikdə oğuzlarla birləşmişdir.
Əgər biz əksər elmi mənbələrdə qeyd olunduğu kimi “ut”u cəm şəkilçisi olaraq qəbul etsək, onda “Günnüt” sözü “Günlər” anlamını, yəni “gün etnoniminə mənsub olanlar” mənasını verir. “Gün” tayfasına mənsub olan insanların məskunlaşdığı yer, sadəcə, “Günnüt” – yəni “Günlər” adlandırılmışdır.
Günnüt sözündəki cəmlik bildirən -ut şəkilçisi etnonim adının oykonimə çevrilməsində topoformant funksiyasını yerinə ­yetirmişdir.
Bütün bunlar 26 il erməni işğalında qalan və nəhayət, may ayında qüdrətli ordumuzun şanlı zəfər tarixi yazaraq düşməndən azad etdiyi Günnüt yaşayış məskəninin əzəli türk – Azərbaycan torpağı olması kimi danılmaz həqiqəti bir daha təsdiq edir. Heç şübhəsiz ki, inkişaf etmiş müstəqil dövlətimiz, ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir ordumuz sayəsində Günnüt kəndi də əsl sahiblərinin ixtiyarında olmaqla gülüstana çevriləcək.

Akif İmanlı
Naxçıvan Müəllimlər İnstitutunun professoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: