Günnütə yaxın erməni kəndlərində yanğını söndürən əkinçilərin canfəşanlığı
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan erməni sayağı dediyi “sözü tutdu”. Erməni kriminal hərbi-siyasi rejimi Günnüt ərazisinə öz mal-qarasını və arı təsərrüfatlarını köçürən Günnüt kəndinin sakinilərinin bu addımını qısqanclıqla qarşılayıb. Bu ərazilərdəki uğursuzluğun əvəzinə günnütlü çobanları hədəfə alacağı ilə hədələyən erməni hərbiçiləri bu dəfə silahla deyil, otlaqları yandırmaqla onları qorxutmaq istəyiblər. Məqsəd təsərrüfatlara maddi ziyan vurmaq olub. Lakin Azərbaycan əsgərinin səyi ilə ermənilərin törətdiyi yanğın söndürülüb. Əks istiqamətdə əsən külək yanğını sərhədin o tərəfinə, kasıb ermənilərin əkin sahələrinə aparıb. Nəticədə ermənilərə məxsus hektarlarla taxıl zəmiləri yanıb.
NUHÇIXAN mülki ermənilərin öz taxıl sahələrini necə canfəşanlıqla söndürmələrinin videogörüntüsünü əldə edib. Pilotsuz Uçan Aparatın (PUA) çəkdiyi görüntülərdən aydın olur ki, əraziyə tam nəzarət edən Azərbaycan tərəfi erməni mülki əhaliyə əkin sahələrinə düşən yanğını söndürmək üçün şərait yaradıb. Onsuz da iqtisadi vəziyyəti heç də yaxşı olmayan erməni kəndlilərinə yaradılan bu şərait Azərbaycan əsgərinin humanistliyinin nümunəsidir. Amma erməni kriminal hərbi-siyasi rejimi buna baxmayaraq Günnüt ətrafında təxribat törətməkdə davam edir. Ətrafdakı otlaqları yenidən, başqa istiqamətdə yandırmağa cəhd ediblər. Ərazidə yaranan yanğınlar təbii ki ətraf mühitə ekoloji cəhətdən ziyan vurur.
NUHÇIXAN erməni kəndlilərinin öz taxıl sahələrindəki yanğını söndürmək üçün etdikləri canfəşanlığı əks etdirən videogörüntünü təqdim edir.