Günəş Elektrik Stansiyasında illik enerji istehsalı artıb

244

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti 2018-ci ili uğurla başa vurub. Hazırda Günəş Elektrik Stansiyasının gücünün 30 meqavata çatdırılması istiqamətində işlər davam etdirilir. Bu, həm də muxtar respublikada alternativ və bərpaedilən  enerji sahəsində həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvanın ciddi enerji böhranı ilə üzləşdiyi günləri hər birimiz xatırlayırıq. Qonşu ölkələrdən idxal edilən elektrik enerjisi fasilələrlə verilirdi. Bu gün isə mənzərə tamam başqadır. Artıq Naxçıvanın enerji təminatı məsələləri öz həllini uğurla tapıb. Son illərdə Naxçıvanda 8 elektrik stansiyası tikilib. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər daxili tələbatı ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Artıq Naxçıvan enerji idxalçısı deyil, ixracatçısıdır.

2015-ci ilin əvvəlindən istifadəyə verilən Günəş Elektrik Stansiyasının gücü artırılaraq 22 meqavata çatdırılıb. Yarımstansiyanın gücünün artırılmasından sonra illik istehsal 3 milyon artaraq 33 milyon kilovat saata çatıb. Stansiyada istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və istehlakçılara itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Təkcə ötən il ərzində stansiyada 33 milyon 930 min kilovat saat enerji istehsal edilib. Hazırda Günəş Elektrik Stansiyasının gücünün 30 meqavata çatdırılması istiqamətində işlər davam etdirilir. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir.

Qeyd edək ki, enerji təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulan Ordubad Su Elektrik Stansiyasında da işlər davam etdirilir. Su Elektrik Stansiyasının gücü 36 meqavat təşkil edəcək.

Hazırda Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə hesablanıb. Bir sözlə, həyata keçirilən tədbirlər muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla, uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcək.

                                             “Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: