Gözəl yurdum, Babəkim - Şeir

253

Bu gün ümummilli lider Heydər Əliyevin xeyir duası ilə yaradılan Babək rayonunun 40 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikasının sürətli inkişaf edən rayonlarından biri olan Babəkin bu günü həm də şairlər üçün ilham mənbəyidir. NUHÇIXAN şair-jurnalist, Naxçıvan Dövlət Radiosunun əməkdaşı Təranə Əliyevanın bu münasibətlə yazdığı şeiri təqdim edir.

Keçmişindən bu günə addım-addım gəlmisən,

Gözəlliyi, yeniliyi həyat yolu bilmisən,

Sən layiqli övladınla sevinmisən, gülmüsən.

Ötən ilin hər anına çiçək əkim, gül əkim,

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

 

Dünyaya səs salıbdı, məlhəmdi Sirab bulağın,

Əshabi-Kəhf  həqiqətin, sənin tarix varağın,

Oğuzlardan gəlir səsin, od-atəşdi sorağın,

Haqqın yolu ürəyində, yolunu kim kəsər, kim?

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

 

Mirzə Cəlil  anamızın kitabını  yaratdı,

İslam oğlun şair oldu,  xoş nəğməyə can atdı.

Cəfər, Rasim,Toğrul kimi qəhrəmanlar ucaltdın!

İğid oğlun, qızın çoxdu, de, hansına ad çəkim?

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

 

Mən bu yurdun suyun içdim, nəğmə qoşdum özümdən,

Cəhri, Nehrəm, Vayxır, Sirab, Xalxal keçdi gözümdən,

Düşmənlə göz-gözə duran Buzqov desin özündən,

Mən qəlbinin yarasına olaram loğman, həkim,

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

 

Alimlərin yorulmadı, bu torpağı kəşf etdi,

Kültəpəni tariximin səhifəsinə nəqş etdi,

Ulu Heydər Babək adın yurda ərməğan etdi,

Varlığına, qüruruna sahib ol onun təki,

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

 

Azərbaycan – hər qarışı mənim isti yuvamdı,

Naxçıvanım – Şərqin gülü, mənim suyum, havamdı,

Babək dedim, ürəyimdə gur ocaqlar qalandı,

Mən yolunda fəda olum, hər nazını mən çəkim,

Od igidim, yurd igidim, gözəl yurdum, Babəkim!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: