Görkəmli vokal ifaçısı Firəngiz Əhmədovanın xatirəsi anılacaq

136

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti tədbir Xalq artisti Firəngiz Əhmədovaya həsr olunacaq.

Teatrdan NUHÇIXAN-a bildirilib ki, görkəmli müğənninin anadan olmasının 90 illiyi münasibətilə təşkil ediləcək tədbir çərçivəsində dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş ediləcək.

Qeyd edək ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni 1950-1970-ci illərdə Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub. Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqimizin inkişafında mühüm xidmətləri var. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. F. Əhmədova opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazları Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən unudulmaz ifaçı, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: