Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır

198

NUHÇIXAN xəbər verir ki, sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri – şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Aida İmanquliyevanın doğulduğu, böyüdüyü və gəlin gəldiyi iki ailənin Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri var. Belə bir mühit Aida xanımın ədəbi-elmi yaradıcılıqla hərtərəfli məşğul olması üçün mənəvi zəmin yaradıb.

Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olub. Nəsir müəllim uzun illər “Bakı” və “Baku” qəzetlərinin redaktoru işləyib. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçüb.

Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida İmanquliyevanın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək məziyyətləri, nəcib xüsusiyyətləri ilə seçilirdi.

Aida xanımın xatirəsi ürəklərdə əbədi yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Elmi irsi araşdırılır və təbliğ edilir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də aktuallığını qoruyub saxlayır. Tam əminliklə demək olar ki, gənc nəsillər də görkəmli şərqşünas alim Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir, onu həmişə minnətdarlıqla xatırlayır.

Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı A.İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub. Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Bu gün dünyanın bütün dövlətləri, o cümlədən də ərəb Şərqi ilə geniş əlaqələr yaradıldığı bir vaxtda, bu ölkələrin həyatının hər bir sahəsi ilə daha yaxından tanış olmağa ehtiyac duyulur. Bu ehtiyacı ödəməkdə Aida xanım İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti var.

Üç monoqrafiya (“Mixail Nuaymə və “Qələmlər birliyi”, Moskva, 1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Aida xanım İmanquliyevanın adı müasir şəraitdə ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısı kimi tarixə əbədi həkk olunub. Bu faktı nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə, etiraf edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: