Görkəmli alimin vəfatı ilə əlaqədar nekroloq verildi

1. 041

“Şərq qapısı” qəzetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti adından görkəmli alim Oruc Həsənlinin vəfatı ilə əlaqədar nekroloq yerləşdirilib.

NUHÇIXAN həmin nekroloqu təqdim edir :

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Oruc Qafar oğlu Həsənli 2018-ci il iyunun 18-də ömrünün 68-ci ilində vəfat etmişdir.

Oruc Həsənli 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olmuş, 1967-ci ildə orta məktəbi bitirmiş, 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır.

1972-1979-cu illərdə Şərur rayon Xanlıqlar kənd məktəbində müəllim, 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində işləyən Oruc Həsənli 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olmuşdur. 1993-2008-ci illərdə “Naxçıvan” Universitetinin  tədris işləri üzrə prorektoru işləyən Oruc Həsənli 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.

1992-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, 2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alan Oruc Həsənli 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Oruc Həsənli uzun illər Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda gənc pedaqoji kadrların hazırlanmasında böyük əmək sərf etmişdir.

220-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və monoqrafiyanın müəllifi olan Oruc Həsənlinin əməyi yüksək qiymətləndirilmiş, 2007-ci ildə o, “Tərəqqi” medalı ilə təltif edilmiş, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Oruc Həsənli 3-cü, 4-cü və 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.

Ömrünü elmin inkişafına həsr edən gözəl insan, fədakar alim Oruc Həsənlinin xatirəsi unudulmayacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: