Gəncləşən Naxçıvanım

276

Tarixin yaddaşında

Pozulmaz bir izin var,

Nuh Peyğəmbər dövründən

Söhbətin var, sözün var.

Haqdan ocaq çatmısan-

Sönməyən od-közün var,

Hər gözə şax baxmağa

Cürətin var, üzün var,

Hər eldə, hər diyarda

Üzü ağ Naxçıvanım!

Gecəsi də gündüztək

Çilçıraq Naxçıvanım!

 

 

Min bir naxış vurulur

Yenə torpağa, daşa.

Bu gün, Nəqşi-cahanım,

Gözəlsən başdan-başa.

Bir arzun, bir niyyətin

Toxunmasın qoy daşa.

Qurub-yaradan əllər,

Yaşa, səni yüz yaşa!

Bəxtinə al Günəşdən

Pay düşən Naxçıvanım,

Mənim Gənclər Paytaxtım,

Gəncləşən Naxçıvanım!

 

 

Beş min ildir dünyaya

Düşüb səsin, sorağın,

Tarixinə aynadır

Gəmiqayan, Duzdağın.

İşığı haqdan gəlir

Sən yandıran çırağın,

Tarix kimi qədimdir

Dağın, daşın, torpağın.

Əshabi-Kəhfdən deyir

O müqəddəs “Quran”ım.

Müqəddəslər diyarı –

Müqəddəs Naxçıvanım!

 

 

Sən Tusi, Cəlil, Cavid,

Bəhruzlar diyarısan,

Sinəndə izi qalan

Nuhun yadigarısan.

Sən ulu Öndərimin

Fəxri, iftixarısan,

Dilimdən düşmür adın-

Dilimin şüarısan.

Hər oğluna, qızına

Candan əziz məkanım!

Mərd övladlar böyüdən

Ey, ana Naxçıvanım!

 

 

Min bir naxış vurulur

Yenə torpağa, daşa.

Bu gün, Nəqşi-cahanım,

Gözəlsən başdan-başa.

Bir arzun, bir niyyətin

Toxunmasın qoy daşa.

Qurub-yaradan əllər,

Yaşa, səni yüz yaşa!

Bəxtinə al Günəşdən

Pay düşən Naxçıvanım,

Mənim Gənclər Paytaxtım –

Gəncləşən Naxçıvanım!

Asim YADİGAR

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: