Gənclər Qarabağlar Türbə Kompleksi ilə tanış olublar - FOTOLAR

269

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar gənclərin Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub. Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, ekskursiyanın təşkilində məqsəd Naxçıvanın  tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşmaqla muxtar respublikanın təbliğində onların da fəallığını artırmaqdır. Sonra kompleksin bələdçisi ekskursiya iştirakçılarına abidə və xanəgah hissəsində nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verib. Ekskursiya iştirakçıları türbə kompleksinin zalında nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrlərdə istifadə olunan qədim mis və gümüş sikkələr, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri gənclər tərəfindən maraqla qarşılanıb. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb. Ekskursiyada Naxçıvan Dövlət Texniki Kollecində təhsil alan 20 nəfər gənc iştirak edib. Tədbir Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: