Gənc rayonun uğurları-Kəngərli

539

Kəngərli rayonu muxtar respublikamızın ən gənc rayonudur. Rayon 1 qəsəbə və 10 kəndi özündə birləşdirir. Yaradılmasından 14 il keçməsinə baxmayaraq, bu qısa müddət ərzində keçdiyi inkişaf yolundan söz açanda açığı qürur duymamaq olmur. Məlum bir məsəl bu rayonda özünü tam mənada doğruldur- hər bir bölgənin inkişafı ilk növbədə onun yolundan bəllidir. Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən Kəngərlinin kənd yaşayış məntəqələrini birləşdirən yollarına nəzər yetirəndə bu həqiqətin təsdiqini görürsən.

Həyata keçirilən infrastruktur layihələrini, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin müasir, yaraşıqlı binalarını  görəndən sonra istər-istəməz Kəngərlinin keçdiyi müasir inkişaf yolu haqda aydın təsəvvür yaranır. Rayonun inkişafı üçün atılan addımlar  bu gün də davam edir.  Bu il rayonun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək istifadəyə verilib. Bu işlər tariximizə qayğının göstəricisi olmaqla yanaşı, həm də diyarımıza turist marağının artmasına səbəb olan amillərdəndir. Bu ilin  quruculuq ünvanları sırasında  Qıvraq qəsəbəsində gənc ailələr üçün tikilən 7 mərtəbəli 48 mənzildən ibarət, həmçinin qəsəbədəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli 44 mənzilli yeni yaşayış binalarının, qəsəbənin mərkəzində yeni istirahət parkının adını qeyd etməliyik. Hazırda bu ünvanlarda tikinti işləri davam etdirilir, həmin ərazidə avtomobil yolu genişləndirilir. Mərkəzi stadionun  təmir və yenidənqurma işlərindən sonra yenilənməsi rayon gənclərinin və idmansevərlərə ən böyük hədiyyədir.

Həmsöhbət olduğumuz  rayon sakinləri stadionda yaradılan şəraiti gənclərə göstərilən böyük qayğı kimi dəyərləndirirlər. Bütün bunlar sağlam gələcəyimizə böyük diqqət və idmançıların yetişməsi üçün görülən işlərdir. 

Müasir dövrdə sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri  də sənaye və kənd təsərrüfatı sahələrində həyata keçirilən tədbirlərdir. Kəngərlidə bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Rayonda hər iki sahə bir-biri ilə əlaqəli şəkildə inkişaf edir. Böyükdüz kəndi ərazisində salınan iri sənaye obyektlərindən olan Naxçıvan Sənaye Kompleksi həm diyarımızda sənayenin, tikinti-quruculuq işlərinin inkişafına töhfə verib, həm də yeni iş yerlərinin açılmasına şərait yaradıb. Bu ilin ilk yarımilində ümumilikdə, rayonda 11 milyon 120 min 200 manatlıq, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub. Bunun da böyük əksəriyyəti Naxçıvan Sənaye Kompleksinin payına düşür. Sənaye sahəsi üzrə 684 işçi çalışıb. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. 

Kəngərlililərin aqrar sahəni də hər il yaxşı nəticələrlə başa vurması torpağa bağlılıqlarının, dövlətin kənd adamlarına yaratdığı şəraitdən bəhrələnmələrinin nəticəsidir. Ümumilikdə,  rayon ərazisində 2018-ci ilin məhsulu üçün 9 min hektara yaxın  sahədə əkin aparılıb.  Beş min hektara yaxın sahədə əkilən  taxıl biçilib.  Sahələrdən 13 min tondan artıq  məhsul götürülüb. 183 hektar sahədə bostan, 1300 hektardan artıq  sahədə isə tərəvəz bitkiləri əkilib. Məhsul yığımı hazırda da davam edir.

Rayonda kənd təsərrüfatının digər gəlirli sahəsi olan heyvandarlıq da inkişaf edib. Ümumilikdə, bu ilin ilk yarısında rayonun heyvandarlıq və balıqçılıq təsərrüfatlarında 14 milyon manatdan çox məhsul istehsal edilib ki, bu da 2017-ci ilin  müvafiq dövrü ilə müqayisədə   2,7 faiz çoxdur.

Bu gün yaşıllıqların salınması , meyvəçiliyin inkişaf etdirilməsi Kəngərli rayonunda da diqqət mərkəzində saxlanır. Yeni rayonun ərazisində püstə, badam bağı salınıb. Yaşıllıq zolaqlarının  artırılması davam edir. Bu ilin birinci yarısında 13,5 hektar sahədə meşəsalma, 5,6 hektar sahədə meşəbərpa işləri aparılıb, 10 mindən çox ting əkilib. 1,3 hektar ərazidə salınan “Gənclər bağı” isə Naxçıvan şəhərinin 2018-ci ildə “Gənclər paytaxtı” seçilməsi tarixini özündə yaşadır. Təbii ki, yaşıllıqların salınması və qorunub saxlanmasında suvarma şəraitinin yaxşı olması vacib şərtdir. Son illər həyata keçirilən meliorativ tədbirlərin, müasir suvarma sistemlərinin istifadəyə verilməsi isə bu sahədə işlərin intensiv inkişafına şərait yaradıb. Görülən işlər çərçivəsində Böyükdüz kəndi ərazisində 410 hektar əkin sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsinin tikintisi diqqəti çəkir.

Rayonda özəl sektor da inkişaf edir, sahibkarlıq subyektlərinin sayı artır. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən daha 64 fiziki şəxsin qeydiyyata alınması da yaradılan şəraitlə bağlıdır. Təkcə cari ilin birinci yarısında 71 yeni iş yeri yaradılıb, 123 nəfər işlə təmin olunub. Aztəminatlı ailələrin özünüməşğulluqlarını təmin etmək  istiqamətində müvafiq işlər görülüb.

Bu bir həqiqətdir ki, cəmiyyətin inkişafının bünövrəsi xüsusilə təhsilin səviyyəsindən asılıdır. Kəngərlidə yaxşı təhsil ənənələri formalaşıb. Bunun bir səbəbi də müasir infrastrukturla bağlıdır. Rayondakı 12 ümumtəhsil məktəbinin hər biri müasir binalarda fəaliyyət göstərir.

Rayonun səhiyyə infrastrukturu da ən müasir tələblərə cavab verir. İstər rayon mərkəzində, istərsə də kənd yaşayış məntəqələrində əhalinin sağlamlığının etibarlı qorunması üçün əlverişli şərait mövcuddur. Eyni sözləri  rayonun mədəniyyət sahəsi barəsində də demək olar.

Bir sözlə, qədim yurd yeri Kəngərli bu gün müasirliyi, sosial-iqtisadi uğurları ilə gələcəyə doğru inamla addımlayır.

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: