“Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində taktiki-xüsusi təlim keçirilib

477

Naxçıvan Muxtar Respublikası Fovqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il üçün iş planına uyğun olaraq, avqustun 16-da “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində “Mebel fabriklərində baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsinin məqsədi fabrikin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, istehsal sahələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktiki bacarığının təkmilləşdirilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkilindən ibarət olmuşdur.

Təlim mebel fabrikində mövcud olan ilkin yanğınsöndürmə avadanlıqlarının və mühafizə vasitələrinin tətbiqi ilə 7 tədris yerində həyata keçirilib.

Təlimin planına uyğun olaraq birinci mərhələdə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallarda fəaliyyət planının reallığı, mülki müdafiə qüvvə və vasitələrinin hazırlıq səviyyəsi yoxlanılıb, fabrikin yanğınsöndürmə komandasının və könüllü yanğınsöndürmə dəstəsinin şəxsi heyətindən “Tam döyüş açılışı” normativləri üzrə məqbullar qəbul edilib.

Təlimin ikinci mərhələsi isə istehsalat sahələrində şərti baş vermiş yanğınların qarşısının alınması və söndürülməsinə, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə (evakuasiya) edilməsinə, xəsarət alanların xilas edilməsi və onlara tibb məntəqəsində ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunmasına, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə həsr olunub.

Təlim zamanı fabrikin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, FHN-nin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.

Təlimə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin 51 nəfərdən ibarət mülki müdafiə qüvvələri, Zil-130 markalı yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin hər birindən 1 ədəd Kamaz markalı yanğınsöndürmə avtomobili  və ümumilikdə 14 nəfər yanğınsöndürən cəlb olunub.

Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: