Gəlin, gözəlliklərə xələl gətirməyək

698

Bu gün muxtar respublikamızın turizm üçün əlverişli sayılan bir çox dilbər guşələrinin çal-çağırlı vaxtıdır. Çünki həm yerli vətəndaşlar, həm də xaricdən gələn qonaqlar mənalı istirahət etmək, yay tətillərini xoş keçirmək üçün bu dilbər guşələrə üz tuturlar. Batabat yaylağı da hər bir insanın arzuladığı kimi istirahət etməsi üçün ən ideal məkanlardan biridir. Muxtar respublika ərazisində, Kiçik Qafqaz dağlarında yaylaq yeri olan Batabat Naxçıvandan şimala gedən karvan yolunun üstündə yerləşir. Dəniz səviyyəsindən təqribən 3100-3200 metr hündürlüyü olan Qonaqgörməz, Səbətkeçməz və Bədəldağ dağlarının əhatəsindədir. Coğrafi baxımdan heyrətamiz bir yerdə olan Batabat yaylağı öz mənzərələri ilə təkrarolunmaz gözəllik abidəsi kimi təbiətin insanlara bəxşişidir.

Batabat yaylağında təbii flora və faunanın qorunması üçün ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə 2003-cü il 16 iyun tarixdə imzaladığı Fərmanla  Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Qoruğun yaradılması ilə Batabatın florası, faunası canlandı və genişləndi. Bu gün Batabata bu qədər marağın olması və turizm üçün əlverişli zona sayılması ulu öndərimizin yurd yerlərimizə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Yaylaqda muxtar respublikamızın müxtəlif yerlərindən gələn qonaqların rahatlığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də diqqət və qayğısı ilə bir çox tikililər buraya gələnlərin istifadəsindədir. Dillər əzbəri olan Zorbulağın ətrafında abadlıq işləri aparılaraq istirahət guşəsi yaradılıb. Bu yaylağın sinəsindən keçən dolanbac yollar başdan-başa təzələnib, yenidən qurulub. Naxçıvan-Şahbuz-Batabat magistral yolunun da yenidən qurulması, yol boyu əsasən meyvə tinglərinin əkilməsi, səliqə-sahman, təmizlik yaradılması yolçunu məftun eyləyir.  Dediyimiz və demədiyimiz bir çox işlər görülür ki, bunlar da həm yurd yerlərimizin insan əli ilə gözəlləşməsinə, həm bu gözəlliyin insanlara mənəvi zövq verməsinə, həm də onlarda vətənpərvərlik hisslərinin güclənməsinə nail olmaq üçün həyata keçirilir.

Gül-çiçək yaylağı olan Batabat bu günlərdə yenə də qonaqlı-qaralıdır. Çünki yaylaq dövrü başladığından bura istirahət zonası kimi əsrarəngiz gözəlliyi, qeyri-adi təbiət mənzərələri, təmiz havası, saf suyu ilə insanları valeh edir. Batabatın doyumsuz havasını, dişgöynədən bulaq sularını, yaşıl düzlərini gəzənlər, gül-çiçəyini dərənlər, bitkilərini toplayanlar bu yerlərə təkrarən mehman olurlar. Bu gözəlliyin tamaşaçısı olmaq istəyənlər, adətən, istirahət günlərində yaylağa üz tuturlar. Səhər saatlarından başlayaraq avtomobillərin Batabat yaylağına doğru şütüdüyünü görmək olar. Yaylaq da öz qonaqlarını səxavətlə, təbii nemətlərin bolluğu,  əsrarəngiz gözəllikləri ilə qarşılayır. Hətta o nemətlərin bolluğu ilə də yola salır. Çünki istirahət edib geri dönən insanlar bu yaylağın gül-çiçəyindən, dərman bitkilərindən tutmuş saf, təmiz sularına kimi özlərilə aparırlar.

Bəs, görəsən bəziləri nə üçün təbiətin təbii gözəlliyinə bir qədər biganə yanaşırlar? Təbiətin bu qədər diqqət və qayğısının əvəzində onun təmizliyinə, gözoxşayan görünüşünə laqeydlik edirlər? Bu fikirlər yaxın günlərdə Batabat yaylağında gördüyüm mənzərələr sayəsində yarandı və düşündüm ki, bu isti günlərdə təbiətin sərin qoynunda dincələn, təbii mənzərələrdən zövq alıb geri dönən bəzi insanlar sanki özlərindən sonra bir “iz” qoyub getməyə adət ediblər. Həm dövlət qayğısı ilə yaradılan, həm də Tanrı payı olan gözəlliklərin əvəzində onu çirkləndirir, gəzdiyi yerlərdə qoyub getdikləri məişət tullantıları ilə təəssüf doğururlar. Qollu-budaqlı ağacların kölgəsində məskən salıb, istirahət edən insanlar görəsən, niyə düşünmürlər ki, onların dincəldikləri ərazidə yaratdıqları səliqəsizliyi və tökülən tullantıları kim götürəcək? Gün ərzində yüzlərlə insan bu yaylağa üz tutub geri dönən zaman istirahət etdiyi ərazini məişət tullantıları ilə çirkləndirərsə,  onda bir neçə gündən sonra bu yaylağın vəziyyəti nə günə düşər? Hər gələn qonaq burada yediyini, gətirdiyini töküb getsə, onda bir anlıq düşünün, bu yaylağın gözəlliyindən əsər-əlamət qalarmı? Axı, bu günün sabahı da var. Axı, sən sabah da buraya gəlib yenə də istirahət etmək istəyəcək, yenə də bir gözəllik axtaracaqsan. Ancaq o gözəlliyi tapa bilməyəndə giley-güzar etməyi yaxşı bacaracaqsan. Və yeri gələrsə, unudacaqsan ki, gözəlliyə xələl gətirənlərdən biri də elə sən idin.  Bu gözəlliyi qorumaq üçün məgər sənin ardınca bir gözətçi qoyulmalıdır ki, elə yerindəcə “cəzanı” versin? Lap da deyək gözətçi var. Axı, yüzlərlə insanın hər birinə bir, yaxud da bir neçə nəzarətçinin  nəzarət etməsi imkansızdır. Gözətçi uzağı beş, ya da on nəfərə nəzarət etsin. Bəs, qalanı? Deməli, təbiət gözətçi ilə deyil, insanla, onun mehri-məhəbbəti ilə var olar. Onun gözətçisi elə özümüz olmalıyıq, yaradılan gözəlliklərə çirkin “naxışlarımızı” vurmamalıyıq. Düşünməliyik ki, bizdən sonra da, əvvəl də gələn qonaqlar üz tutduqları yeri təmiz, səliqəli görmək istəyirlər.

İnsan əlinin sığalı ilə yaradılan gözəlliklər Batabatın təbii mənzərələri ilə bir harmoniya təşkil etdiyindən onun birinə xələl gətirəndə digəri də gözdən düşür. Buna görə də bizə “qollarını açan təbiətə” qayğı göstərməliyik. Dincəlmək üçün üz tutduğumuz yerin çirklənməsinə, natəmizliyinə yox, gözəlliyinə bir töhfə verməyə çalışmalıyıq. Unutmamalıyıq ki, gözəlliyi yaratmaq nə qədər xeyirxah işdirsə, elə onu qorumaq da bir o qədər şərəfli işdir.

                                        “Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: