Gələcəyin müəllimləri Ağbulaqda istirahət ediblər
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 19-dan 22-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunun fəal tələbələri Ağbulaq istirahət mərkəzində olub. Yay məktəbi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri “Xəmsə” və Oxunması zəruri olan kitablara əsasən hazırlanan “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda öz biliklərini sınayıb və müxtəlif idman növləri ilə məşğul olublar. Keçirilən yarışlarda qalib olan iştirakçılara fəxri fərmanlar və sertifikatlar verilib. Şahbuz Rayon Mədəniyyət Evinin kollektivi konsert proqramı ilə çıxış edib. Gənclər “Girdab”, “Əhməd haradadır” bədii filmlərinə və aprel döyüşlərindən bəhs edən sənədli filmə baxıblar. Tələbələr üçün “Naxçıvanda turizmin inkişafı” mövzusunda seminar təşkil olunub. Seminar bitdikdən sonra isə məktəb iştirakçılarına Naxçıvan Dövlət Televiziyasının hazırladığı, Naxçıvanın turizm potensialını əks etdirən qısametrajlı film nümayiş olunub.