Fransanın Alfortvil şəhəri ilə işğal altında olan Laçın şəhəri arasında imzalanmış “xartiya” ləğv edilib

72

Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimizin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionunun Alfortvil şəhərinin ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib (“la Charte d’amitié entre Alfortville et Berdzor”).

Bu barədə NUHÇIXAN-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Bildirib ki, 2017-ci ilin iyun ayının 30-da Alfortvil şəhər bələdiyyə şurası tərəfindən qeyri-qanuni “xartiya”nın imzalanması haqqında qərar qəbul edilib. Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamentinin prefekti tərəfindən Alfortvil bələdiyyə şurasına 30.08.2017-ci il tarixində qərarın könüllü şəkildə ləğv edilməsi üçün iddia (fr. recours gracieux) göndərilmiş, lakin cavabsız qalmışdı.

Bununla əlaqədar olaraq, Val-dö-Marn departamentinin prefekti tərəfindən 2017-ci ilin noyabr ayının 17-də imzalanmış qeyri-qanuni “xartiya”nın inzibati qaydada ləğv edilməsi məqsədilə məhkəməyə müraciət edilib. Buna baxmayaraq, bələdiyyə şurasının qərarı əsasında 2017-ci ilin noyabr ayının 20-də Alfortvil meri tərəfindən qeyri-qanuni “xartiya” imzalanıb.

2018-ci ilin martın 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən “xartiya”nın ləğv edilməsini tələb edib.

Nəticədə, 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası, məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni “xartiya”nın (“la Charte d’amitié entreAlfortville et Berdzor”) imzalanmasına dair 2017-ci il 30 iyun tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.

Alfortvil şəhərinin meri Mişel Gerşinovitz qərarın ləğv edilməsi ilə əlaqədar qeyd edib ki, “aprelin 12-də təqiblərin qarşısının alınması məqsədilə mən bələdiyyə şurasından qərarın ləğv edilməsini xahiş etdim. Əks halda, bu hökm “artsax diplomatiyasına” ziyan vuracaq bir məhkəmə aktı olacaqdı”.

Hikmət Hacıyev deyib: “Biz Val-dö-Marn departamentinin prefektinin, qeyri-qanuni “xartiya”nın ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etməsi qərarını alqışlayır və digər qeyri-qanuni “xartiya”ların ləğv edilməsi məqsədilə, Fransa mərkəzi icra hakimiyyəti orqanları və həmçinin prefektlərin analoji addım atacağını gözləyirik.

Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyini və bu ölkənin digər cavabdeh qurumlarını Fransa yerli özünüidarəetmə orqanları tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı bütün qeyri-qanuni fəaliyyətin, o cümlədən bura qeyri-qanuni səfərlərin təşkil edilməsinin qarşısının alınmasında sərt addımların atılmasına çağırırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: