“Fövqəladə hallara hazırıq” mövzusunda intellektual bilik yarışması

488

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Texniki Kollecində orta ixtisas məktəbləri arasında “Fövqəladə hallara hazırıq” mövzusunda intellektual bilik yarışması keçirilib.  Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə baş tutan yarışın keçirilməsində məqsəd tələbələrin mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində nəzəri biliklərini təkmilləşdirmək, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı özünə və başqalarına ilk yardım göstərmək qaydalarını öyrətməkdən ibarət olub.

Yarışda Naxçıvan Dövlət Texniki, Musiqi və Tibb kolleclərinin hər birindən təyin olunmuş komandalar qalibiyyət uğrunda mübarizə aparıb. Komandaların cavabları Fövqəladə Hallar Nazirliyi və hər üç kollecin nümayəndələrindən təşkil  olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilib.  

İki mərhələdən ibarət olan yarışın 1-ci mərhələsində komanda üzvlərinə 4 başlıq altında-mülki müdafiə üzrə qanunvericilik, Naxçıvan Muxtar Respublikasında ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hallar, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və ilk yardım mövzularında suallar təqdim olunub. İkinci mərhələdə isə hər komandanın bir üzvü fərdi qaydada ünvanlanan sualları təyin olunmuş vaxt ərzində cavablandırıb.

Daha yaxşı nəticə göstərən Naxçıvan Dövlət Texniki Kollecinin komandası yarışın qalibi olub. Naxçıvan Tibb Kolleci 2-ci, Naxçıvan Musiqi Kolleci isə 3-cü yerdə qərarlaşıb. Qalib komandalara Fövqəladə Hallar Nazirliyinin fəxri fərmanları və diplomlar təqdim edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: