NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri Şamı Abdullayev qeyd edib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada qazla iş rejiminə keçirilmiş 736 qazanxananın yanğın və texniki təhlükəsizliyi vəziyyəti yoxlanılıb. Müvafiq peşə ixtisası üzrə şəhadətnaməsi olmayan mövsümü işçilər peşə kurslarına cəlb olunaraq, ümumilikdə, 254 nəfər ocaqçı-maşinist ixtisası üzrə hazırlanıb.
Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün 122 ticarət obyektinin sahibkarları və istehlakçıları ilə maarifləndirici söhbətlər aparılıb, onlara bildirişlər təqdim edilib. 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nazirliyin struktur qurumlarının payız-qış mövsümünə hazırlıq planları hazırlanıb və qışa hazırlıq işlərinə artıq başlanılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Elsevər Məmmədov