Naxçıvan şəhərində keçirilən Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları “Təbriz” otelinin iclas zalında Türk Şurası çərçivəsində planların və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məsələləri ilə bağlı müzakirələr aparıblar.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gənclərinin iştirak etdiyi tədbirdə ortaq tarix, mədəniyyət, dil, təhsil, idman, gənclik və digər sahələrdə birgə fəaliyyət haqqında danışılıb, bu sahələrdə gənclərin sosial şəbəkələrdəki fəallığından, şuraya üzv olan ölkələrdə gələcəkdə müxtəlif festivalların, intellektual və idman yarışlarının keçirilməsinin zəruriliyindən bəhs olunub.
Diqqətə çatdırılıb ki, Türk Şurası Gənc Liderlərinin Naxçıvanda keçirilən ilk forumu mühüm əhəmiyyəti ilə seçilir. İştirakçılar forumun keçirilməsinə hərtərəfli şərait yaratdığına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan hər zaman türk dövlətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən idman və gənclər sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Bu gün Naxçıvanda keçirilən tədbir də bunun bariz nümunəsidir. Tədbirdə şuraya üzv olan ölkələrdən 50-yə yaxın gənc iştirak edir. Əsas məqsəd gənclərin müxtəlif sahələr üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə etmək, bir-birimizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaqdır.
Şuraya üzv olan ölkələrin lider gənclərinin arzu və təklifləri səsləndirilib. Müzakirələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.