“Ford” şirkəti öz tarixində ən çox avtomobili geri çağırır

112

“Ford” şirkəti “Takata” hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib.

NUHÇIXAN xəbər verir ki, şirkətin bəyanatına görə, “Takata” hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. “Takata” hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.

Geri çağırılan modellərə “Ford Edge” və “Lincoln MKX” (2010), “Ford Ranger” (2010-2011), “Ford Fusion” və “Lincoln MKZ” (2010-2012), “Mercurу Milan” (2010-2011) və “Ford Mustang” (2010-2014) daxildir. Şirkət bu avtomobilləri fevralın 18-dən başlayaraq geri çağıracaq. Onların 782 mini ABŞ ərazisindədir. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək 23 nəfərin ölümünə səbəb olub. Bununla yanaşı, “Ford”un təmsilçiləri qeyd ediblər ki, hazırda geri çağırılan avtomobillərlə bağlı onlara bədbəxt hadisə haqqında heç bir məlumat daxil olmayıb. Lakin potensial qəzaların qarşısını almaq üçün şirkət bu hissələri dəyişəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: