Folklorumuzda inam və etiqadlar

285

Ulu babalarımızın, ağbirçək nənələrimizin söz boğçası dürlü-dürlü hikmətlərlə zəngindir. Zaman-zaman nənə və babalarımızın yaddaşından süzülüb əsrlərin sınağından cilalana-cilalana keçərək bu günümüzə qədər yol gələn xalqımızın söz inciləri, tükənməz  hikmət xəzinəsidir. O da qürurvericidir ki,  yaranışı min illərlə ölçülən milli-mənəvi dəyərlərimiz bu gün də  qorunur, adət-ənənələrimiz yaşayır, ulu babalarımızın, ağbirçək nənələrimizin düşüncəsi indi də  hikmətli sözlərimizdə öz əksini tapır.

El çələngimizin, söz xəzinəmizin hansı janrına müraciət etsək, onlarda ulu babalarımızın müdrik hislərini duymaq olar. Bu da çox maraqlıdır ki, şifahi söz sənətimizdə xalqımızın ruhu duyulmaqla bərabər, ən əski  inam və etiqadlarımız da fəal şəkildə mühafizə olunub saxlanılır.

Əcdadlarımız sözün gücü ilə təbiətə təsir etməyi düşünmüş, qarşıya çıxan maneələri və çətinlikləri aradan qaldırmaq istəyi, arzusu ilə mifoloji inamları, əfsun və inancları, əfsanə və rəvayətləri yaradıblar. Folklorumuzun qədim nümunələrinin hər kəlməsində ulu türk tayfalarının ilkin mifik təfəkkürləri poetikləşib. Xalqın düşüncəsinin əksi olan bu nümunələr gündəlik məişətimizlə, həyat tərzimizlə sıx şəkildə bağlı olub, milli mentaliteti müəyyənləşdirib.

Şifahi söz sənətimizdə xalqımızın əski inam və etiqadlarını fəal şəkildə yaşadan janrlar sırasında miflər, inanclar, əfsunlar və sınamalar mühüm yerlərdən birini tutur.

Milli mentalitetimizin qorunduğu, oğuz-türk ideyalarının daha çox yaşandığı qədim Naxçıvan torpağında  xalqımızın yaddaş xəzinəsi olan folklorumuzda yuxarıda qeyd etdiklərimizdaha çox özünə yer tapıb.

Son illər haqqında bəhs etdiyimiz şifahi söz sənətimizin bu janrlarının toplanması sahəsində aparılan işlər göstərir ki, miflər, inanclar və sınamaların yaranma tarixi çox-çox qədimlərə gedib çıxır. Həmin nümunələr poetik üslub, bədii quruluş baxımından olduğu kimi dilimizin hələ öyrənilməmiş sirli xüsusiyyətlərini açmağa da material verir.

Folklorumuzun bir çox janrları kimi miflər, inam və inanclar, sınamalar xalqın əski inanclarının qoruyucusudur. Ulu babalarımızın ilkin bədii yaradıcılıq mərhələsi üçün ənənəvi olan çox mühüm inancları əhatə edən mürəkkəb sistemli əfsunlardan sadə mətnli nəğmələrə doğru inkişaf özünü zaman-zaman göstərmiş, təkmilləşmiş və nəhayət, müasirləşdirilmişdir. Xalqımızın ilk əfsunları inam və sınamaları, əsasən, qədim insanın həyat və məişətinin dörd mühüm ünsürlə: od (günəş), su, torpaq və külək (yel)- hava ilə bağlı olmuşdur. Bir nümunə:

Odu daşı,

Budu daşı.

Buludların

Gudu daşı…

Bişirmişəm

Xəmiraşı.

Müşahidələr göstərir ki, folklorumuzun bu janrlarının ilkin nümunələri çox bəsit olub. Sonralar isə bu nümunələr təkmilləşmiş, daha da sadələşib:

Gün çıx, gün çıx,

Kəhər atı min, çıx.

Oğlun qayadan uçdu,

Qızın təndirə düşdü.

Keçəl qızı qoy evdə,

Saçlı qızı götür çıx.

Muxtar respublikamızın ərazisinə yayılan mif, inanc, əfsun və sınamaların özünəməxsus fərdi xüsusiyyətləri  olduğu kimi, ümumi, ortaq cəhətləri də çoxdur. Ortaqlığın əsas səbəblərindən biri onların hamısında əski inam və etiqadların hökmran mövqeyidir. Başqa folklor janrlarımızdan fərqli olaraq, bu poetik janrların yaranması qədim əcdadlarımızın  inam dünyasına əsaslanır. Muxtar respublikamızın ərazisində yerləşən Gəmiqaya mətnləri, burada daşlar üzərində çəkilmiş şəkillər bu torpağın sahibi olan etnosların mifoloji inamlarını, əski düşüncələrini əks etdirir. Bütün bunlar xalqımızın yaddaşıdır, şüur və düşüncələrinin gerçəkliyidir.

Ulu babalarımızın inam dünyasında diqqəti çəkənlərdən biri də su kultu ilə bağlıdır. Su kultuna etiqad insanlarda, əfsun və sınamalarda daha çox yaşayır. İnanca görə il quraqlıq keçəndə həftənin uğurlu günlərində bir dəstə adam ocaq qalayıb su dolu qab götürər, ovuclarını su ilə doldurub göyə atar, su yerə yağış şəklində səpələnər və bu vaxt nəğmə oxuyarmışlar:

Dağdan gələn seldiho…

Dərələrə doldu ho…

Gülül, gülül, xoş gülül.

Əl-ayağı yaş gülül.

Sən duaya əl yetir,

Qoy yağsın yağış, gülül.

Ay göylərin buludu,

Əkinlərin qurudu.

Döl xatunun naxışı

Əndər gəlsin yağışı.

Çox keçmir ki, yağış yağır. Göründüyü kimi, xalq bu inamlarda özünün əski düşüncələrini canlandırıb, onların bir çoxu gündəlik məişətdə sınaqdan çıxan inanclar kimi təsdiqlənibdir.

Əfsun, inam və sınamalarda həmçinin baş ağrısı, diş ağrısı, sarılıq xəstəliyi ilə bağlı əski inanclar da mühafizə edilib.

Xalq inanclarında üzərliklə bağlı əski nümunələr xüsusi yer tutur. Belə ki, bədnəzərdən qorunmaq üçün üzərlik yandırmaq, onun tüstüsünü iyləmək vacib sayılırmış. Üzərliklə bağlı nümunələr muxtar respublikamızın bütün bölgələrində, həmçinin rayonumuzda geniş yayılmaqla bərabər məişətimizə də hopmuşdur.

Üzərliksən, havasan,

Min bir dərdə davasan.

Üzərliyim çırtladı,

Yaman gözlər pırtladı.

Başı hörüklü üzərlik

Hörməcli, köklü üzərlik.

Səni salıram bu oda

Göstər hökmün üzərlik.

Qədim insanların gündəlik məişət həyatında qorxu anlayışı ilə bağlı folklor nümunələri də bölgələrimizdə geniş yayılıb. Qədim dövrlərdən başlayaraq insanlar qorxunu müxtəlif gözəgörünməz qüvvələrlə: cin, şeytan, qulyabanı, hal anası və başqaları ilə əlaqələndiriblər. Qorxunun qarşısını almaq, qorxan adamı qorxudan çıxarmaq üçün müxtəlif ayinlər icra ediblər ki, bu ayinlər içərisində aşağıdakı nümunəyə diqqət yetirək:

Ayaq altdan torpaq aldım,

Başım üstə kölgə saldım.

Yurd yerinə nuxça saldım

Həcci gəz, hüccü gəz.

Sənə xətər yetəmməz.

Bu nümunələrin hər biri xalqımızın minilliklər, yüzilliklər boyu sınamaları nəticəsində yaddaşlarda möhkəmlənib, mifik təfəkkürümüz, əski inamlarımız onlarda qorunub saxlanıb.

Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: