FIDE ilə bu təşkilatın sabiq prezidenti İlyumjinov arasında barışıq sazişi imzalanıb

98

Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə bu təşkilatın keçmiş rəhbəri, rusiyalı Kirsan İlyumjinov arasında barışıq sazişi imzalanıb.

FIDE-nin mətbuat xidmətinin bu barədə məlumatında qeyd edilir ki, tərəflər arasında saziş İlyumjinovun vəzifədən müvəqqəti kənarlaşdırılmasının müddətinə aiddir. Bu il iyulun 13-də FIDE-nin etika komissiyası həmin dövrdə təşkilatın prezidenti olan İlyumjinovu 18 ay müddətinə bu təşkilatda hər hansı vəzifə tutmaq hüququndan məhrum edib. Avqust ayında İlyumjinov bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Noyabrın 27-də tərəflər arasında barışıq sazişi əldə edilib. Bu saziş FIDE-nin etika komissiyası və prezident şurası tərəfindən bəyənilib.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, dekabrın 21-də CAS həmin sazişi ratifikasiya edib. Əldə edilmiş razılaşmaya görə, İlyumjinovun vəzifədən kənarlaşdırılması barədə qərarın qüvvədə olma müddəti bu sənədin CAS-ın müstəqil qrupu tərəfindən ratifikasiya edildiyi gündə başa çatır.

FIDE-nin mətbuat xidmətinin məlumatında deyilir: “FIDE vurğulamaq istəyir ki, bu saziş FIDE ilə İlyumjinov arasında mübahisəni tamamilə və qəti şəkildə nizamlayır. Bundan əlavə, İlyumjinov onun istər bu mübahisə ilə əlaqədar, istərsə də təşkilatdakı digər işləri çərçivəsində FIDE-yə heç bir iddiası olmadığını təsdiqləyir”.

Münaqişənin tarixi

2015-ci ilin sonunda ABŞ Maliyyə Nazirliyi İlyumjinovun adını Suriya hökumətinin və Suriya Mərkəzi Bankının xeyrinə maddi yardım və əməli hərəkətlərə görə sanksiya tətbiq olunanların siyahısına daxil edib. Bununla əlaqədar İlyumjinov FIDE-nin Prezident Şurası üzvlərinə bildirib ki, o, FIDE-nin fəaliyyəti ilə bağlı hüquqi, maliyyə və işgüzar səlahiyyətləri öz müavini – yunanıstanlı Georsios Makrupulosa həvalə edir. ABŞ-ın İlyumjinov barəsində sanksiyaları ilə əlaqədar İsveçrənin UBS Bankı onun hesablarını bağlayacağı barədə hədə-qorxu gəlib.

2017-ci il martın sonunda FIDE-nin rəsmi saytında İlyumjinovun istefa verməsi barədə məlumat dərc edilib. Həmin məlumata görə, guya İlyumjinov təşkilatın şura iclasında bu vəzifəni tərk etdiyini bildirib. Lakin FIDE rəhbəri həmin məlumatı təkzib edərək bildirib ki, o, təşkilatın prezidenti funksiyalarını bundan sonra da yerinə yetirməyə hazırdır.

2017-ci ilin aprel ayında İlyumjinov təşkilatda öz səlahiyyətlərini özünə qaytardığını elan edib, lakin bir qədər sonra FIDE-nin Prezident Şurasının növbədənkənar iclasında öz bəyanatını geri götürüb. 2017-ci ilin oktyabr ayında FIDE-nin icraiyyə komitəsi təşkilatın rəhbəri səlahiyyətlərinin bütünlüklə makropulusa verilməsi qərarını yekdilliklə təsdiq edir. Bu il aprel ayında FIDE-nin Prezident Şurası İlyumjinova müraciət edərək ABŞ Maliyyə Nazirliyinin sanksiyalarını nəzərə alaraq onun dərhal istefa verməsini xahiş edib. Prezident Şurasının 14 üzvü bu qərarın lehinə, bir nəfər əleyhinə səs verib.

2018-ci ilin oktyabr ayında FIDE-nin yeni rəhbəri seçkiləri keçirilib. Bu seçkilərdə rusiyalı Arkadi Dvrokoviç qalib gəlib. 1995-ci ildən FIDE-yə fasiləsiz rəhbərlik edən İlyumjinov həmin seçki kampaniyasında iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: