Fidan Əliyevanın əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində

201

Gənc rəssam Fidan Əliyevanın əsərləri Luvr muzeyinin Karusel salonunda açılan XXI “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində ziyarətçilərin böyük marağına səbəb olub.

NUHÇIXAN xəbər verir ki, təsviri sənət sahəsinin incəliklərinə yiyələnən gənc rəssam düşündürücü kompozisiyaları, sərbəst tərzi ilə fərqlənir. Onun əsərləri polixrom və impressionist üslubundadır və daha çox Klod Mone üslubundan ilhamlanır.

Əsərlərində açıq və parlaq rənglərə üstünlük verən F.Əliyevanın “Art Shopping” sərgisində nümayiş olunan əsərləri orijinallığı ilə sənətsevərlərin diqqətini cəlb edib.

“Art Shopping” sərgisində əsərlərimin nümayiş olunmasından çox şadam. Fərqli yaradıcılıq üslublarına, avanqard cərəyanın müxtəlif istiqamətlərinə müraciət edirəm. Əsərlərimin mövzu dairəsi geniş olur. Gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar, günəşli yay və həzin payız mənzərələri… Yaradıcılıq axtarışlarımı davam etdirəcək, sənətsevərlər qarşısına yeni əsərlərimlə çıxacağam”, – deyə F.Əliyeva bildirib.

Ekspressionizm, abstraksionizm cərəyanlarına da müraciət edən rəssam yaradıcılıq azadlığı mühitində təxəyyülündə formalaşan tabloları kətan üzərinə köçürür.

Fidan Əliyeva sənətin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib. Hələ məktəb illərində bir çox sərgilərdə iştirak edən rəssamın Muzey Mərkəzində fərdi sərgisi təşkil olunub. Onun yaradıcılığında ölkəmizin təbiətinin gözəlliyini əks etdirən əsərlər xüsusi yer tutur.

Qeyd edək ki, Karusel salonunda keçirilən “Art Shopping” sərgisində 15 ölkədən 450 rəssamın 1750 əsəri nümayiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: