FHN-də görülən işlər müzakirə olunub
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib. Nazir, general-leytenant Şamı Abdullayev bildirib ki, nazirliyin 2018-ci il üçün təsdiq olunan iş planına uyğun olaraq, cari ilin birinci yarımilində struktur qurumlarda gündüz və gecə məşğələlərinin keçirilməsi təmin edilib, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması və nizam-intizamın artırılması istiqamətində tədbirlər həyata keçirilib.
Çimərlik mövsümünün başlanması ilə əlaqədar Uzunoba su anbarında çimərlik yerinin hazırlanması üzrə verilən tapşırıqlar icra edilib. İyulun 1-dən etibarən gündəlik olaraq 5 nəfərdən ibarət xilasedici dalğıcın çimərlikdə xidməti təşkil olunub.
Qeyd edilib ki, taxıl biçini zamanı intensiv biçin aparılan sahələrdə və əlverişli yerlərdə yanğınsöndürmə avtomobillərinin, motoxilasedicilərin magistral yol kənarlarında patrul xidmətləri təşkil olunub, meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın nəzarəti həyata keçirilib.
Şamı Abdullayev qeyd edib ki, hesabat dövründə muxtar respublika ərazisində baş verən fövqəladə hadisələrin, yol-nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb, yanğınların söndürülməsi təmin edilib, bağlı vəziyyətdə olan qapılar açılaraq ev sahiblərinə təhvil verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Novruz Məmmədov