Fətəli xan Xoyski- 143

109

Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri və Cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri, yəni, ilk Baş naziri olub. Milli dövlətin qurulmasında və tanıdılmasında böyük xidmətlər göstərib. Cümhuriyyətin süqutundan bir neçə ay sonra Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. NUHÇIXAN  bu görkəmli şəxsiyyətin ömür yolu və fəaliyyəti ilə bağlı məlumat verir.

Keçmiş xan nəslindən olan Fətəli 1875-ci il dekabr ayının 7-də Şəkidə doğulub. Moskva Universitetinin hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Tiflis məhkəmə palatasında başlayan Fətəli xan Xoyski 1907-ci ildə dörd azərbaycanlı ilə bərabər Rusiya Dövlət Dumasına deputat seçilib.

1917-ci ildə Rusiyada oktyabr çevrilişi baş verəndə  bunu qəbul etməyən Fətəli xan Xoyski Tiflisə gedir və Zaqafqaziya seyminin azərbaycanlılardan ibarət fraksiyasına daxil olur. 1918-ci il aprelin 22-də Zaqafqaziya hökumətində ədliyyə naziri vəzifəsini tutur.

1918-ci il mayın 27-də tərkibinə Fətəli xanın da daxil olduğu Azərbaycan fraksiyası Azərbaycan Milli Şurasını yaradır. Şuranın bir gün sonra – mayın 28-də keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunur. Fətəli xan Xoyski yeni yaradılan Cümhuriyyətin başçısı seçilir və eyni zamanda  ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edir.

1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq, ölkəmizə soxulandan sonra  Fətəli xan Vətənini tərk edərək Gürcüstana getməyə məcbur oldu. 1920-ci il iyun ayının 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Fətəli xan çox qısa, 44 ildən bir qədər çox ömür yaşadı. Ömrü qısa olsa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: