Eşitdiklərim və gördüklərim

525

25 yaşım var. Dünyaya gözümü Ordubad rayonunun Dəstə kəndində açmışam.  Yazımda sizə bu kəndin dünənindən və bu günündən söhbət açmağa çalışacağam. Düzdür, bəlkə də, çoxunuz düşünəcəksiniz ki, keçmişlə, müstəqillikdən əvvəlki vəziyyətlə bağlı danışmağa elə də yaşım çatmır. Deyəcəksiniz ki, elə sənin özün müstəqillik illərinin uşağısan. Bəli, həmin tarixlərdə göz açmışam dünyaya. Özümü dərk etdikdə isə artıq bugünkü güllü-çiçəkli “Yavru Vətən”in növrağının təməli qoyulmuşdu. Qısacası, yaşım çatmasa da, müşahidələrim və yaşca məndən böyük olan nəslin nümayəndələri, necə deyərlər gününü görüb, dövranını sürmüş insanlarla söhbət etməyi sevdiyimdən məndə həmin illərlə bağlı müəyyən mənada yaranmış fikirlər bu yazı üçün qələmi əlimə almağa cəsarət verdi. Dünənimizi eşitdiklərimdən, bu günümüzü şahidliyimdən, gələcəyimizi isə atılan addımların, yürüdülən siyasətin uzaqgörənliklə hesablanmasından yola çıxaraq danışacağam.

Elə bu düşüncələrlə yüz metrlik yolu asta-asta addımlayıb kəndin mərkəzinə gəlib çatmışdım. Bir neçə dəqiqəlik ayaq saxladım.  Kənddə inşa edilən yeni müasir məktəb binası, həkim ambuatoriyası, xidmət mərkəzi, Rabitə evi və sair bugünkü günü, yəni açılış gününü gözləyirdi. Məktəb binasına göz gəzdirirdim ki, yanımdakı adamın “nə olub, özün bu məktəbdə oxuya bilməmisən deyə paxıllıq hissi keçirirsən?” deməsinə gülə-gülə, “sən olsan keçirməzsənmi?”,- deyə cavab verdim. Əslində, dediyində az da olsa haqq vardı. Duyğularım qarışıq idi. Paxıllıq deməyək, qibtə hissim yüksək idi. Çünki bu mənzərəylə qürur duymaq varkən, paxıllıq ağlımdan belə keçməmişdi.

…Zaman çox sürətlə keçir, yaxud da doğma diyarımın inkişafı zamanı üstələyəcək sürətdədir. Sanki dünənmiş kimi gözümün önündədir 2000-ci il sentyabr ayının 1-i. Bir əlimdə həyətdəki çiçəklərdən hazırlanmış rəngarəng gül dəstəsi, bir əlimdə isə bərk-bərk yapışdığım bibimin əli, böyük dəmir darvazanın önündə dayanıb içəri keçməyi gözləyirdik. Hə, həmin gün mənim təhsil yolunda ilk addım atdığım gün-ilk dərs günüm idi. Sonradan rayon mərkəzinə köçüb təhsilimi orada davam etdirsəm də, ibtidai təhsilimi bu məktəbdə almışdım. O vaxtlar məktəbimizin binası şəraitsiz, istifadəyə o qədər də yararlı deyildi. İstidə çox hiss olunmasa da, qış aylarında bu şəraitsizliyin əziyyətini çəkməmişik desəm yalan olar. Yanan sobalar, tez-tez kirlənən ağ köynəklər, soyuqdan “beynimizə girməyən” dərslər, titrəməkdən barmaqlarımızın tutmadığı qələmlər və sair… Təəssüf doğurucu, lakin etiraf edim ki, eyni zamanda heç zaman unuda bilməyəcəyimiz şirin xatirələrin gizləndiyi məktəbimizi indi gözoxşayan, hər cür şəraiti olan bu bina əvəz edir. Artıq kəndin məktəbliləri müasir standartlara cavab verən bu binada davam etdirəcəklər təhsillərini. Özümə, yaşıdlarıma qismət olmasa da, heç şübhəsiz ki, hər birimizin doğmasına, qohum-əqrəbasına nəsib olmuşdu bu təhsil şəraiti. Deməli, bundan sonra doğma kəndimizdən ali məktəblərə qəbul olanların sayı artacaqdı. Necə deyərlər, yaxşı iş ortaya çıxarmaq üçün, əvvəlcə yaxşı iş şəraiti yaradılmalıdır. Xülasə, yaradılanlar göz önündədir.

Yaş keçir, biz böyüyürük. Gəncliyin verdiyi özünəməxsus məşğuliyyətlər, iş-güc, hər zaman şikayətləndiyimiz vaxt azlığı imkan vermir ki, buralara daha tez-tez gəlim. Lakin bu dəfə hüsnünü seyrə çıxmış kimi tələsmədən gedəcəyim ünvana üz tuturam. Çatana yaxın kəndimizin ağsaqqalı Həsən baba ilə rastlaşıb salamlaşdım. Nənəmgilin qonşuluğunda yaşayan  bu adam günün müəyyən saatlarında məhəllədəki tut ağacının altında taxtadan düzəldilmiş oturacaqda əyləşərdi. Hətta söhbəti tutan kimisə görəndə yarım saat ayaq üstə saxlayıb söhbət etmədən ötürməzdi. Baxmayın şikayətlənən formada yarım saat deməyimə, sözün əsl mənasında söhbətindən doymaq olmazdı. Buralara gec-gec gəlməyimə baxmayaraq, bir neçə dəfə söhbətləşmişdik. Zamanının “canlı ensiklopediyaları” sayılan belə insanlarla kəlmə kəsmək, salam verib-almaq belə nə isə öyrənmək deməkdir. Mövzu nə olursa olsun, söhbətin sonu həmişə eyni olurdu: “Hə, qızım, həmişə demişəm, yenə də deyəcəyəm. Nə varsa, keçmişin adamlarında var elə. Görürsən, bayaqdan danışıram, amma, sən mənim danışdığımın yarısı qədər belə danışmadın. Yenə sən yaxşısan, vallah, elələri var ki, ağzımdan çıxan sözü tamamlamağa icazə vermir.  Hiss eləyirsən ki, bu uşaq nəniki danışmaq, heç qulaq asmaq da istəmir”.

Bu dəfə “gəlməyəli nə dəyişikliklər gördün kənddə?” sualı ilə başladı söhbətə. “Təzə tikililər diqqətimi çəkdi”,-  deyə cavab verdim. Cavabım qısa oldu. Çünki mən həmişəki kimi yenə də onun danışmağını istəyirdim. Çünki Həsən babanın fikri ilə mən də razıydım. Yaşlı insanlarla söhbətdən mütləq nəsə öyrənirdim. O, sanki bu cavabımı gözləyirmiş kimi söhbətə başladı:

 -O heç da qızım, elə  kəndin girişindən salınan yolun izinə düşsən, səni gətirib çıxaracaq bu yeni tikililərin yanına. Görürsən nə gözəl görünür? Kənd camaatı bir sevinir ki, gəl görəsən. Sən hələ bir uşaqların sevincini görəsən? Qızım, görürsən, yollarımızı da düzəldiblər. Marşrut da çoxalıb. İndi rayon mərkəzinə də, şəhərə də hər saat avtobus işləyir. Görürsən, sən də rahatlıqla gəlib kəndə çatırsan.

Bir şey də yaxşıdır ki, bunların hesabına kənddə yeni iş yerləri də açıldı. İndi neçə adam elə kənddə işləyib ailəsini dolandırır. Camaat bu binaların açılışını necə həyəcanla gözləyirdi, bir biləsən. İnanırsan, hər kəsin dilində bir kəlmə var- Allah Sədrimizə sağlam və uzun ömür versin. Biz təkcə kəndimiz üçün yox, bütöv Naxçıvanımız üçün görülən işlərə sevinirik.

Həsən baba dəstəlilərin fikrini o qədər ürəkdən, səmimi olaraq çatdırdı ki, bu dəfə həqiqətən mənə deyəcək söz qalmadı. İstər istəməz gələcəyini gənclərində görən bu ölkənin gənci olmaqdan qürur duydum.

 

Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: