Ermənistanın  Naxçıvanla sərhəd kəndlərindən videomaterial yayımlanıb

2. 713

Ermənistanın Naxçıvanla qonşu olan sərhəd kəndlərində əhali uzun illərdir ki,  acınacaqlı vəziyyətdə yaşayır. Burada məskunlaşan ermənilər indi keçmiş günlərin, SSRİ dönəmində Naxçıvanla sərhədlərin açıq olduğu zamanları nostalji hisslər və peşmançılıqla xatırlayırlar. Bu günlərdə erməni internet portallarından biri bununla bağlı geniş material hazırlayıb. Sərhəd kəndlərin  hazırkı vəziyyətini olduğu kimi, heç bir bəzək-düzəksiz erməni dilində tamaşaçılara çatdıran videomaterial küləyin cəngində  didik-didik olmuş nimdaş  Ermənistan bayrağının görüntüsü ilə başlayır. Naxçıvanla sərhəd boyu müxtəlif istiqamətlərdən kəndləri gəzən erməni jurnalistin kamerasının obyektivində biz  sanki 1990-cı illərin əvvəlini görürük. Yaşayış yerlərindəki kadrlarda köhnə evlər, asfalt üzünə həsrət qalan kələ-kötür küçələr, sovetlər dönəmində istehsal edilən avtomobillər və dağınıq infrastruktur diqqəti çəkir. 

Əslində bu müasir Ermənistanın tam reallığı kimi də qəbul edilməlidir. Çünki uçuq-sökük, illərdir heç bir təmir görməyən  evləri bozaran kəndləri görəndə bir fakt aydın olur – təcavüzkar Ermənistan hökuməti qazandığı 27 illik müstəqilliyi dövründə burada bir daşı belə daş üstə qoymayıb.  Taleyin ümidinə buraxılan Naxçıvanla sərhəd  erməni kəndlərində ancaq bir-iki ailə gözə dəyir.  Ermənistan ərazisində Naxçıvanın ötən əsrin 90-cı illərində işğal edilən qədim Kərki kəndində yaşayan erməni qadın yalnız yaydan yaya bura gəldiklərini deyir və burada hər şeyin dağıldığından gileylənir. 3 uşaq anası olduğunu vurğulayan erməni qadın azərbaycanlıların burada yaşadıqları vaxt kəndin daha səliqəli və gözəl olduğunu etiraf edir. “Mən uşaqlarımı bura gətirə bilmirəm. Çünki burada yeməyə bir şey tapmırıq” -deyən qadın qonaqların qarşısına həyətdəki böyürtkəni yığıb qoyur. Bütün bu mənzərələrdən bir şey məlum olur ki, bir zamanlar azərbaycanlıların kompakt şəkildə yaşadıqları kəndlərdə onlara məxsus evlər indi tamamilə viran olub. Kəndin  ən yaxşı evləri sayılan bu binalardan ancaq uçuq-sökük xarabalıqlar qalır. Çünki onların materiallarını ehtiyac ucbatından satan erməni kəndlilər yenisini də tikə bilmirlər. Ermənistanın Sisian – Qarakilsə rayonunun  Comərdli kəndində olan jurnalistin rastlaşdığı yarıçılpaq erməni burada yaşadıqları vaxtlar  azərbaycanlıların buranı cənnətə döndərdiyini, Naxçıvanla alış-veriş elədiyini, ailəsini dolandırdığını etiraf edir.

“Bizim İrəvana getmək üçün ən yaxın və rahat yolumuz  Batabatdan aşıb Naxçıvandan keçib getmək idi. Yolda Badamlı, Vayxır suyundan məmnuniyyətlə alıb özümüzlə aparırdıq. Bu gün sərhəddəki kəndlərin bu cür acınacaqlı halı Ermənistan hökumətinin təcavüzkar siyasətidir. Bu yolların bağlanması bizə çox baha başa gəlir. İndi rəhbərlər Yerevanda oturub özlərinə şərait yaradırlar. Bu kəndlər isə Allah ümidinə buraxılıb. Əgər yol açıq olsa idi, indi biz Naxçıvana, Türkiyəyə rahatca gedir, alış-veriş edirdik. İndi nə Naxçıvana, nə də Türkiyəyə yolumuz yoxdu. Sərhədlər bağlı olduğundan bütün dünyadan təcrid olunmuş vəziyyətdə yaşayırıq. O zamanlar biz Naxçıvandan gələn adamlardan meyvə alır, əvəzində isə öz məhsullarımızı onlara satırdıq. İndi isə hər gün o dağlarda yavaş-yavaş bizə tərəf irəliləyən Azərbaycan əsgərinin postlarını qorxa-qorxa izləyirik”-bunları da sərhəd kənlərində yaşayan kasıb ermənilər deyir. Jurnalistin, “-Əgər azərbaycanlılarla əvvəlki kimi vəziyyət sabitləşsə, yenə də münasibət qurarsanızmı?” sualına bəziləri tərəddüd etmədən “Bəli”, bəziləri isə çəkinə-çəkinə: “Biz razıyıq, amma onlar necə, bu qədər müharibədən sonra  razı olarlarmı?” – deyə inamsızlıqla cavab verir. Sovet dönəmində Azərbaycan qazını yandıran erməni  kəndlərində indi yandırmaq  üçün istifadə edilən ən dəyərli   yanacaq təzəkdir. Bütün  həyətlərdəki  iri kərmə qalaqları erməni ailələrinin son ümid yeri kimi diqqəti çəkir. Həyətlərdə hər şey, istər məişət əşyaları, istər erməni kəndlilərin  Azərbaycan əsgərinin mərhəmətinə sığınıb sərhəddə əkdiyi taxılı biçdiyi bir ədəd  sınıq –salxaq, köhnə  “NİVA” kombaynı, istərsə də evlərin mamır bağlamış şiferləri köhnəlik və miskinliyi ortaya qoyur.   

Sədərək rayonu ilə sərhəd olan Armaş, Erasx,  Şərur rayonu ilə sərhəd olan Areni və Xaçik, Şahbuz rayonu ilə sərhəd olan Balak (Bələk), Şağat, Əngələkot, Culfa rayonu ilə sərhəd olan Nijde (Soflu) kəndləri, o cümlədən  Ordubadın yaxınlığında yerləşən  Karçivan (Qarsevən) kəndində olan jurnalistin qarşısına çıxan zavallı erməni kəndliləri ancaq  dağlardakı postlar və Azərbaycan əsgərinin yüksəklikdəki mövqelərindən məyusluqla  danışırlar.  Maraqlı burasıdır ki, bu kəndlərin heç birində demək olar ki, gənclər gözə dəymir. Burada yalnız az sayda  qadınlar və yaşlı insanlar yaşayırlar.  Arpa (Areni) kəndinin qoca sakini narahatlıqla Günnüt kəndinin ətrafındakı yeni səngərləri  göstərərək artıq üzümün yığım  mövsümü olmasına baxmayaraq öz bağlarından meyvə toplamaqdan çəkindiklərini deyir.   Çünki o zirvələrdəki səngərlərdə indi Azərbaycan əsgəri dayanır və bütün günü kəndi nəzarətdə saxlayır. Gah qorxu, gah da ümidlə danışan ermənilər bütün çıxış yollarını bir şeydə görürlər – o da Azərbaycanla münasibətləri yenidən tənzimləməklə sərhədləri açmaq və bu lənətə gəlmiş həyatdan qurtulmaqda.  Bu sərhəddə yaşayan hər bir erməninin ən böyük arzusudur. Ermənistanın işğalçı siyasəti nəticəsində dağıdılan Azərbaycana məxsus dəmir yolları bu zavallı ermənilərin sanki qırılan ümidləri,  gözünün qarşısında tənəzzülə uğrayan  dövlətlərinin simvoludur. Sərhədlərdəki ermənilər etiraf edirlər ki,  Ermənistan hakimiyyəti  bir neçə iri şəhərləri və  paytaxt İrəvanı zorla saxlayır. Bu kəndlər isə  ölümə tərk edilən xəstənin taleyini yaşayır. Sərhəddəki erməni kəndlərinin  sakinləri onları taleyin axarına buraxan dövlətlərinə məmnuniyyətlə arxa çevirib, yaşamaq üçün irəli baxırlar. İrəlidə isə sərhəd dağlar və onların arxasında çiçəklənən, tərəqqi edən rahat həyat dolu  Naxçıvan-Azərbaycan torpaqları görünür.

NUHÇIXAN əməkdaşlarımızın Ermənistanın sərhəd kəndlərinin  real vəziyyətini əks etdirən həmin  görüntülər  əsasında hazırladığı videomaterialı təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: