Ermənistanda siyasi gərginlik artır

104

Ermənistanda siyasi gərginlik getdikcə daha da artır. Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələr səfərbər olublar.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanda iş adamı kimi tanınan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan yeni hökumətə qarşı ittifaq yaradır. O, parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə yaxın zamanlarda danışıqlara başlayacağını açıqlayıb. Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir. Siyasi bloka “İrs” partiyası, Erməni Milli Konqresi və digər kiçik partiyaların, eləcə də Andreas Qukasyan, Samvel Babayan, Seyran Ohanyanın daxil olacağı gözlənilir.

Erməni mətbuatında qeyd olunur ki, Sarukyan, həmçinin yeni yaradılan “Sasna srer” partiyasına da əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri iki il əvvəl Erebuni rayonunda post-patrul alayına hücuma görə saxlanılan silahlı qruplaşmanın üzvləridir və məhz Qakik Sarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər. Siyasi ekspertlər hesab edirlər ki, Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsini şübhə altına alır. Təhlükəsizlik Xidməti isə keçmiş deputat Levon Sarkisyanı həbs edib. O, 2008-ci ilin oktyabrında Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetsyanın malikanəsinə silahlı hücumda təqsirli bilinir.

Xatırladaq ki, “Ayaqqabı şəhəri” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Ara Karapetyan və İrəvanın Nor-Nork rayonunun keçmiş polis rəisi Armen Nikoqosyanın yaratdığı bandit dəstəsinin 10 üzvü bu cinayətə görə 2011-ci ilin mayında 15 il müddətinədək azadlıqdan məhrum edilib. İlkin məlumata görə, basqının sifarişçisi keçmiş deputat Levon Sarkisyan olub. Cinayətdən sonra Levon Sarkisyan oğurlanan qızıl-zinət əşyalarını və bahalı saatları qarətçilərin əlindən alıb. Keçmiş deputatın malikanəsi və mənzilində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli sayda silah-sursat, o cümlədən “AK-74” avtomatı, qumbara və qumbaraatan, 4000 müxtəlif çaplı güllə aşkarlanıb.

Bundan başqa, xüsusi istintaq xidməti Ermənistanın böyük telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı da saxlayıb. Təfərrüatlar açıqlanmasa da ilkin məlumata görə, Samvel Mayrapetyan fırıldaqçılıqda ittiham olunur. O, Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Belə ki, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: