Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad olunmasına etiraz edən aksiya iştirakçıları onun mətbuat konfransının keçirildiyi zala soxulublar.
NUHÇIXAN xəbər verir ki, Sputnik Armeniya saytının yaydığı məlumata görə, polis qapıları bağlasa da bir neçə şəxs zala daxil ola bilib. Koçaryan mətbuat konfransına gəlməyib.
Aksiyada onlarla insan iştirak edir, onlar “Qatil” deyə qışqırırlar. Bundan öncə isə etirazçılar mətbuat konfransının keçirildiyi “Erebuni plaza” binasının qarşısında mitinq keçiriblər.
Xatırladaq ki, iyul ayının sonlarında xüsusi təhqiqat xidməti Koçaryana qarşı konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürüb. Ertəsi gün məhkəmənin qərarı ilə sabiq prezident iki aylıq həbs olunub. Onun adı 2008-ci il martın 1-də sabiq prezident Levon Ter-Petrosyan tərəfdarlarının seçki nəticələrini qəbul etməyərək Yerevan küçələrində keçirdiyi aksiyanı dağıtmaq işi üzrə cinayət işində keçir.
İttihamları quraşdırılmış siyasi təqib adlandıran Robert Koçaryanın fikrincə, bu yolla rəqibləri növbədənkənar parlament seçkiləri astanasında onu siyasi proseslərdən kənarlaşdırmaq istəyirlər. Koçaryanın vəkilləri apelyasiya məhkəməsinə şikayət edib və qurum onun sabiq prezident qismində toxunmazlıq hüququnu əsas gətirərək birinci instansiyanın qərarını ləğv edib.