Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ekoloji tarazlıq da pozulub. Lori vilayətində fəaliyyət göstərən mis-mədən şirkəti təbiət üçün ciddi təhlükəyə çevrilib. Bunu Ermənistana Çexiyadan gələn ekoloqlar da təsdiqləyirlər. Müəssisənin fəaliyyətinin dərhal dayandırılması üçün keçirilən aksiyalar isə fayda vermir.
NUHÇIXAN-ın məlumatına görə, Çexiya Ekologiya Assosiasiyası və Kimya İnstitutunun mütəxəssisləri Şnoq kəndində, eləcə də Lori vilayətinin Axtala şəhərində çaylardan su nümunələri götürüblər. Ermənistan mətbuatı yazır ki, nəticələr ölkəni yeni fəlakətin gözləməsindən xəbər verir. Bu, içməli su qıtlığınının yaranması ilə bağlıdır. Çexiya Kimya institutunun mütəxəssisi Marek Şirin sözlərinə görə, bölgədə fəaliyyət göstərən mis zavodu insan sağlamlığı ilə yanaşı, ekologiya üçün ciddi təhdiddir. Bu barədə bir neçə il əvvəl yerli mütəxəssislər də həyəcan təbili çalırdılar. Sakinlərin və ekoloqların dəfələrlə keçirdiyi etiraz mitinqlərinə baxmayaraq, zavod ətraf mühitə zərər vurmaqda davam edir. Üstəlik vilayətdə azyaşlılar arasında xəstəliklər artmağa başlayıb. Uşaqlardan götürülən qan nümunələrində yüksək miqdarda qurğuşun aşkarlanıb. Mütəxəssislər bunu çayların mis zavodu tərəfindən çirkləndirilməsi ilə əlqələndirirlər. Nümayəndə heyətindən bildirilir ki, bu problem getdikcə Ermənistanın digər əyalətlərini də əhatə edəcək. Bunu öyrənmək üçün Alaverdi şəhərində torpaqdan, yumurtadan və sakinlərin saçlarından nümunələr götürüb. İlkin məlumata görə, ərazidəki dağ-mədən şirkətinin ekologiyaya vurduğu zərər torpağın münbitliyinə və insan sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislərin rəyinə əsasən, laborotor müayinələr zavodun yerləşdiyi ərazidən 3 km aralıya kimi suda və torpaqda ağır metalların çoxluğunu göstərir. Vilayətdəki çaylarda lil qatının artması içməli və texniki suya tələbat yaradıb. “Lydian International” dağ-mədən şirkətinin fəaliyyəti də ekologiyaya eyni zərəri vurur. “Qraparak” qəzeti yazır ki, dağ-mədən sənayesi iqtisadiyyatın əsas qolu olsa da, ölkənin “xərçəng şişi”dir. Bu səbəbdən ziyan verən bu qolu kəsib atmaq lazımdır. Mədənin fəaliyyətinin ətraf mühitə ciddi ziyan vurması baş nazirlə görüş zamanı da bildirilib. Lakin, Paşinyan müəssisənin fəaliyyətini dayandıra bilməyəcəklərini açıqlayıb. Ekoloji təşkilatlar baş nazirə xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxarıb. Əgər təcili tədbirlər görülməzsə, Lori vilayətində və Cermukda sağlam adam qalmayacaq. Bir müddət sonra isə təbiət tamamilə məhv olacaq.