NUHÇIXAN xəbər verir ki, Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Lori vilayətinin sakinləri və ekoloqlar “Lidiyan Armenian” dağ-mədən şirkətinə qarşı etiraz aksiyası keçiriblər. Tərəflər arasında ciddi insident baş verib. Şirak vilayətinin sakinləri isə problemlərinin həlli tələbi ilə Ermənistan-Gürcüstan magistralını bağlayıblar.
Loridə uzun müddətdir ki, sabitlik pozulub. Əhali vilayətin ərazisində yerləşən şaxtanın bağlanmasını tələb edir. Ekoloqlar da onları dəstəkləyir. Bu məqsədlə mədənə aparan yollar aylardır bağlı saxlanılır. Sakinlər və təbiətin mühafizəkarları ərazidə çadırlar quraraq növbə çəkirlər. “Lidian Armenian” şirkəti buna görə xeyli ziyana düşüb. Xəbərdarlıqlara baxmaraq narazı kütlə geri addım atmaq istəmir. Səbəb isə mədənin ekologiyaya vurduğu ziyandır. Ermənistanın Təbiətin mühafizəsi nazirliyi də bu faktı təsdiqləyib. “Lidian Armenian” şirkəti isə iddiaları əsassız sayır və ekspertlərin rəyi ilə razılaşmır. Bu da ciddi insidentə səbəb olub. Cermuk kəndindən olan Vazgen Qalstyanın sözlərinə görə, onlar 3 aya yaxındır ki, yolu bağlı saxlayırlar. Avqustun 27-də isə şirkət işçilərini gizli yollarla Amulsar yatağına aparmağa çalışıb. Nəticədə tərəflər arasında dava düşüb. Etirazçılar şirkət əməkdaşları tərəfindən daşa basılıb. Artıq Ermənistanın baş prokurorluğu cinayət işi açıb. İlkin məlumata görə, “Lidian Armenian” şirkəti təbiətə zərər vurmaqla yanaşı, talançılıqla da məşğuldur. Şirak vilayətinin sakinləri isə problemlərinin həlli tələbi ilə Ermənistan-Gürcüstan magistralını bağlayıblar. Narazı kütlə ərazidəki kəndlərdə hökm sürən ağır social vəziyyətdən şikayət edir. Bildirilir ki, əhali azaldığı üçün yaşayış məntəqləri bir icmada birləşdirilib. Narazı vətəndaşlar hökumətin onlara yad münasibət göstərdiyini iddia edirlər. Bildirilir ki, Şirak vilayətinin qubernatoru Karen Saruxyan onların problemləri ilə maraqlanmır. Sakinlər, daha onun əməllərinə və talançılığına göz yuma bilmədiklərini deyirlər. Onlar problemlərinin həlli üçün hökümətə 1 ay vaxt veriblər. Əks təqdirdə yenidən yolları bağlayacaqlarını açıqlayıblar.