Ermənistan dövləti Avropa ailəsi üçün qara ləkədir

77

Avropa Şurası və onun struktur təşkilatlarının məqsədi üzv ölkələrdə demokratiyanın inkişafı, fundamental insan hüquq və azadlıqlarının mühafizəsi və dəstəklənməsi, beynəlxalq hüquq standartlarının qəbulu və tətbiqini təşviq etmək, ona dəstək verməkdir.

Üzv ölkələr isə təşkilatın sıralarına daxil olarkən bu məsələlərlə bağlı öhdəliklər götürür, ölkədə idarəetməni, qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq, öhdəliklərini icra etmək üçün praktik addımlar atır və atmalıdır. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkə olan Ermənistan ötən 17 ildə təşkilata daxil olarkən üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib, əksinə bütün çağırışları qulaq ardına vurub. Ermənistan bu gün AŞ üzvü olan başqa bir dövlətin ərazilərini işğal edən, 25 ildir işğalçılıq siyasətini davam etdirən yeganə üzv dövlətdir.

NUHÇIXAN xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.

Qeyd edib ki, Ermənistan mülki əhalini kütləvi şəkildə qətlə yetirib, azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirib, tarixi abidələri məhv edib. Bunlar Ermənistan dövlətinin işğalçı mahiyyətindən irəli gəlir. Eyni zamanda, Ermənistan hakimiyyətinin qanunsuz avtoritar fəaliyyətinə həm də beynəlxalq təşkilatların ikili standartları rəvac verib. Ermənistanın işğalçılıq siyasətinə, ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, bəzi beynəlxalq dairələrin loyal münasibəti, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması, səhra komandiri Serj Sarkisyanın özünü sanki cəzasızlıq mühitində hiss etməsi bu kriminal hakimiyyəti şirnikləndirib.

“Vaxtilə Ermənistan parlamentinin gülləboran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur”-deyə S.Qafarova diqqətə çatdırıb. Bildirib ki, günlər Serj Sarkisyanın baş nazir təyin olunmasından sonra Ermənistanda başlayan etiraz dalğası və qarşıdurmalar genişlənib. Bəlkə də bəziləri üçün bu gözlənilməzdir, amma əslində baş verənlər tam gözlənilirdi. Çünki Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı hakimiyyətin təzyiqləri artıb. Ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici şirkətlərə satan Serj Sarkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb ki, bu da diaspor təşkilatlarından gələn ianələrin dayandırılmasına səbəb olub və ölkəni daha da acınacaqlı vəziyyətə salıb.

“Azərbaycana qarşı işğalçılıq siyasətinə görə bütün regional proseslərdən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır”, -deyə S.Qafarova vurğulayıb.

Diqqətə çatdırıb ki, Serj Sarkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırıb və ölkə vətəndaşları artıq bu rejimə dözmək istəmir. Sarkisyanın cinayətkar despot hakimiyyəti isə vaxtilə terror törədərək qəsb etdiyi vəzifəni əlindən vermək istəməməsidir.

“Tam məsuliyyətlə deyə bilərik ki, işğalçı Ermənistan dövləti və onun terror aktlarında, soyqırımında iştirak etmiş avtoritar hakimiyyəti qabaqcıl Avropa ailəsi üçün qara ləkədir. Bu ləkəni təmizləmək də yenə də qabaqcıl Avropa ailəsinin borcudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: