Ermənilər Naxçıvanda keçirilən hərbi təlimlərdən narahatdırlar

234

Əlahiddə Ümumqoşun Ordunun son zamanlar təsdiq edilən plana uyğun olaraq həyata keçirdiyi təlimlər işğalçı Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaradıb. Görünür, Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi birləşmələrinin döyüş hazırlığı ilə bağlı atdığı addımlar onlar tərəfindən ümidsizliklə izlənilir.

Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  və Azərbaycan Respublikasının  Müdafiə  Naziri Zakir Həsənovun da izlədiyi  Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə keçirdiyi taktiki-xüsusi təlim barədə  işğalçı Ermənistan mediası yazılar yayımlayıb. Ermənilərə məxsus razm.info və zham.am saytları NUHÇIXAN-a istinadən təlimlərin keçirilməsini qeyd edib. Saytlar yazır:  “Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak ediblər”.

Təlimlərlə bağlı geniş məlumatı təqdim edən erməni saytlarını narahat edən məqam isə şəxsi heyətin sayıdır. Belə ki, hər iki sayt min nəfərdən artıq əsgərin xüsusi təyinatlı dəstə üçün çox olduğunu xüsusi olaraq yazıblar.

Sözügedən saytlarda oktyabrın 29-da Əlahiddə Ümumqoşun Ordunun Dağ Təlim Mərkəzində Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin cəlb edildiyi Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kurslarının  başa çatması ilə bağlı da xəbər yer alıb. Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə xüsusi təyinatlı dəstənin mükafatlandırılması da deyəsən erməni ictimaiyyətini, dolayı  yolla elə hökumətini də ciddi şəkildə narahat edir.

“Təlimlər Azərbaycanın 1-ci Ordusunu da əhatə edib. Amma Naxçıvandan fərqli olaraq bu təlimlər daha çox hücum xarakterli olub. Artilleriya atəşindən sonra xüsusi hazırlıqlı tank bölmələri cəbhə xəttini keçiblər”. Bu faktı  öz saytlarında yerləşdirməklə ermənilər Azərbaycan Ordusunun hər an torpaqların azad edilməsi üçün hücuma keçəcəyindən  ehtiyatlandıqlarını oxucularına çatdırmaq istəyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: