Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclasında iştirak edib

121

NUHÇIXAN xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclası keçirilib.

İclasda çıxış edən Elmar Məmmədyarov Cəmmu və Kəşmir məsələsinin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin əsas orqanı olan Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu qeyd edib. Nazir BMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edərək həm işğal edilmiş Azərbaycan əraziləri, həm də Cəmmu və Kəşmir məsələsi ilə bağlı qəbul edilmiş qətnamələrin bütün dövlətlər tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.

Cəmmu və Kəşmir məsələsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 39 saylı (17 yanvar 1948-ci il) və 47 saylı (21 aprel 1948-ci il) qətnamələrə, eləcə də həmin qətnamələrə əsasən təsis edilmiş BMT-nin Hindistan və Pakistan üzrə Komissiyasının 13 avqust 1948-ci il tarixli və 5 yanvar 1949-cu il tarixli qətnamələrinə əsasən, Cəmmu və Kəşmir bölgəsinin yekun statusu BMT-nin himayəsi altında həmin bölgənin bütün sakinlərinin iştirakı ilə keçiriləcək ümumxalq səsverməsi ilə müəyyən edilməlidir.

Qeyd edək ki, İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupu İƏT xarici işlər nazirlərinin 1994-cü ilin sentyabr ayında İslamabad şəhərində keçirilmiş 7-ci növbədənkənar sessiyasının qərarına əsasən təsis edilib. Azərbaycan qrupa 2013-cü ildə üzv olub. Hazırda qrupa Azərbaycanla yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Niger daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: