…Onu Azərbaycan ədəbiyyatının Heydərbabası adlandırırlar. Hər sözü, misrası xalq ruhunun nisgilli dağı olduğu kimi, milli adət-ənənələrə, yaddaş və dilinə də ucaldılmış uca bir dağ hesab etmək olar. Özü bir dəfə də olsun paralanmış vətəninin əsas hissəsinə gələ bilməsə də, sözləri Arazı aşıb doğma ellərinin dilində əzbərə çevrildi. Bu baxımdan onun yaradıcılığı həm də könüldən könülə, ölkədən ölkəyə açılan bir körpü, bir yoldur…
Şair özü də deyirdi:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!
Əlbəttə, bu şair özü də, sözü də dillər əzbəri olan Məhəmmədhüseyn Şəhriyardır. O şair ki, anadilli şeirimizin zənginləşməsində müstəsna xidmətləri var. O şair ki, Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarından biri, öz yaradıcılığı ilə Heydərbaba dağı kimi vüqarla dayanan sənət məbədidir.
Həyatı keşməkeşlərlə dolu olan böyük sənətkarın zəngin irsi Azərbaycan şeirinin inkişafına xidmətlərlə bərabər, milli dəyərlərimizə, xüsusilə ana dilimizə, ümumən Azərbaycançılığa qoyulan ən sanballı mənəvi abidədir. Bu baxımdan Məhəmmədhüseyn Şəhriyar sadə və anlaşıqlı bir dildə yazdığı əsərlərilə mənsub olduğu xalqının dərdlərinin “haqq səsi”, “dərdini söylər dili” kimi çıxış edib. Onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın tarixini min illərlə özündə yaşadan, el birliyi və həmrəylik bağları olan adət-ənənələr xüsusilə yer alır. Bu baxımdan onun yaradıcılığı bütün bu xəlqi keyfiyyətlərin stolüstü kitabı kimi çıxış edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, milli ruhlu şeirlərinin tarixi şairin anası Kövkəb xanımla söhbətindən sonra başlayır. Deyilənlərə görə, şairin anası Kövkəb xanım ona irad olaraq bildirmişdir ki, “bala, sən necə şöhrətli bir şairsən ki, mən sənin dilini başa düşə bilmirəm?” Şair özü də deyirmiş ki, “Rəhmətlik anam Tehrana gəldiyi vaxtdan onun sehirli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş xatirələrini mənə danışmaqla bu “şirin nağıllar” mənim yavaş-yavaş ölü ruhuma can verdi”. Şair bu tərbiyəvi söhbətdən sonra bütün qəlbi və ruhu ilə yazdığı ölməz “Heydərbabaya salam”, o cümlədən “Səhəndiyyə”, “Türkün dili” və başqa əsərlərilə sanki ana-vətən qarşısındakı “günahlarını” yumuşdu. Şair bu əsərlərlə özünün vətəndaşlıq duyğuları və vəzifələrinə nəzər salıb, özünün əzəmətli vətəndaşlıq portretini yarada bilib. Şairin “Türkün dili” şeirində “Türkün dilitək sevgili, istəkli dil olmaz”, – deyə bəhs etdiyi şirin, ahəngdar, qədim şeir-sənət dili kimi şöhrət qazanan Azərbaycan türkcəsi onun əsərlərinə geniş şöhrət qazandırıb. Bu baxımdan şairin böyük istedad və yüksək təblə yazdığı “Heydərbabaya salam” poemasında şair uşaqlıqdan aralarında böyüdüyü adi insanların, sadə xalqın həyat tərzini, adət-ənənələrini, dilini, söz-savlarını bütün incəlik, dəqiqlik və təfərrüatla təqdim edib. Bəlkə də bu səbəbdəndir ki, deyildiyi kimi: “Heydərbabaya salam” pоeması hər bir azərbaycanlı üçün ana laylası qədər əziz və müqəddəsdir”. Akademik Bəkir Nəbiyevin dediyi kimi, ““Heydərbabaya salam” poeması şairin göz açıb gördüyü doğma ellər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında vüsətli bir şairanə ensiklopediyadır”. Akademik İsa Həbibbəyli çox gözəl deyirdi ki, Şəhriyarın “yazdığı əsərlər azərbaycanlı ruhunun poetik ifadəsidir”. Şairin “Heydərbabaya salam” poemasında xalqa müraciətlə deyilən aşağıdakı misralar da birlik və həmrəyliyə çağırış şüarları kimi səslənir:
Bir uçeydim bu çırpınan yelinən,
Bağlaşeydim dağdan aşan selinən.
Ağlaşeydim uzaq düşən elinən,
Bir göreydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı?!
Mübariz şair: “Heydərbaba, mərd oğullar doğginən, namərdlərin burunların ovginən”, – deyə xalqını ayrılıq və həsrəti ortadan götürmək üçün mübarizəyə də səsləyirdi.
Ustad Məhəmmədhüseyn Şəhriyar bəşəri olduğu qədər də milli şairdir. İstər fars, istərsə də ana dilində yazdığı şeirlərində elinin dərdlərini söyləyən dil olan şair milli məsələləri ümumiləşdirməyə və təqdim etməyə nail olur. “Məmməd Rahim həzrətlərinə cavab”, “El bülbülü”, “Süleyman Rüstəmə”, “Qardaşım Süleyman Rüstəmə”, “Döyünmə, söyünmə”, “Oyun olduq”, “Azərbaycan”, “Əsir Azərbaycanıma xitab”, “Türkün dili” və başqa şeirlərində şair mənsub olduğu xalqının dərdlərini, onun istiqlalı, xoşbəxtliyi və birliyi ideallarını əks etdirir. Şairin “Azərbaycan” şeiri isə ümumən bu mövzuda yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdən birini təşkil edir:
Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan…
“Azərbaycan” şeirində mübarizə ruhu da qüvvətlidir. Müəllifin misralardakı mübarizəyə səslənişi onun istiqlal üçün darıxan və qüvvətlə döyünən qəlbinin səsidir. Şairin “El bülbülü” şeirində də cəsarətlə dediyi: “O tay, bu tay, fərqi yoxdu, vətəndi” misrası şairin cəsarətli vətəndaşlıq duyğularının ifadəsi, Azərbaycanın siyasi və mənəvi birlik deyimidir.
Bəli, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı milli və bəşəri mövzularda yazılmış zəngin bir poeziya məktəbi və mənəviyyat mənbəyidir. Şəhriyar təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biri, mənsub olduğu xalqının danışan dilidir. Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından biri kimi Şəhriyarın şəxsiyyəti də, yaradıcılığı da doğma vətənində həmişə uca tutulur, yüksək qiymətləndirilir. Bu nəhəng xalq şairinin “Heydərbabaya salam” əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Oxunması zəruri olan kitablar” siyahısında da özünə yer almaqla gənc nəsillərə öyrədilir və sevdirilir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent