Eldən gedənlər…

Dəyərli ziyalı Elbəyi müəllimin xatirəsinə hörmətlə…

1. 126

Çətindir… Çox çətindir. Dəyərli insanlar dünyalarını dəyişəndən sonra onlar haqqında söz söyləmək, ələ qələm almaq çox çətindir. Üstəgəl ki, mövzunun qəhrəmanı sənə dərs deyən dəyərli müəllimin ola. Bu gün dəyərli ziyalı, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov  aramızdan ayrıldı. Bu acı xəbəri eşidəndə düz 13 il bundan əvvələ qayıtdım. Ali məktəbdə ilk dərs günü auditoriyaya daxil olan Elbəyi müəllimin dərsi hamımızı ovsunladı. Doxsan dəqiqəlik mühazirədə ondan çoxlu şeir nümunələri eşitdik. Bu şeirlərin hamısı mövzunun izahı ilə bağlı idi. Dərsin sonunda: “Müəllim, bu şeirləri kim yazıb?” sualımız cavabsız qaldı. Sonradan öyrəndik ki, şeirlərin müəllifi də müəllimimizin özüdür…

Ana dili elminin qrammatikasını poetik dillə təsvir və tərənnüm edən  Elbəyi müəllim elmə olan sevgisi, alim hünəri, ləyaqətli vətəndaş olması  ilə müəllim və tələbələr arasında böyük hörmətə sahib idi. Dost kimi sədaqətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, vətəndaş kimi xalqına, torpağına bağlı bir ziyalı kimi kiçikdən böyüyə hamı ona hörmət edirdi.  Onu yaxından tanıyanlar bilirlər ki, o, böyük insan olduğu qədər də pak biri idi. Ona görə də onun bir pedaqoq kimi təbliğ etdiyi mənəvi keyfiyyətləri müəlliminin öz davranışında və fəliyyətində görən tələbələri ona qarşı rəğbətini birə-beş artırır və onun şəxsiyyətini ucadan-uca tuturdular.

Azərbaycan dilini sevərək tədris etməyi öz yaradıcılıq amalına çevirmiş  Elbəyi Sadıq oğlu Maqsudov  1955-ci il fevral ayının 16-da  Babək rayonunun Gərməçataq kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının qiyabi şöbəsinə daxil olan Elbəyi müəllim  kəndlərində müəllimə ehtiyac duyulduğundan kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb.  Uzun illər müxtəlif orta məktəblərdə dərs deyən Elbəyi müəllim daha sonra fəaliyyətini Naxçıvan Dövlət Universitetində davam etdirib. Pedaqoji elmi fəaliyyətində bir çox uğurlar qazanıb. Elbəyi müəllim Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı tədqiqatların müəllifidir. 200-dən çox tədqiqat və metodik xarakterli məqalələri qəzetlərdə dərc edilib. O, “Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri”, “XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər”, “Azərbaycanca-türkcə, türkcə-azərbaycanca qarşı­lıqlı dilçilik terminləri lüğəti”, “Dillərarası əlaqə təliminin metodikası”, “Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr”, “Ürək bir dünyadır”, “Sözlər də insan kimidir”, “Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar”, “Təmsillər”, “Poetik türkəçarələr”, “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri”, “Poetik-praktik Azərbaycan dili” və sair elmi-metodik, bədii əsərlərin müəllifidir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən   “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə  Elbəyi müəllim  Naxçıvan Muxtar Respublika mükafatına  layiq görülüb. Həmin dərs vəsaiti bu gün  dövlət dilinin tətbiqi baxımından poetik dillə yazılmış ilk fundamental əsər kimi məktəblilər, abituriyentlər, müəllimlər və xaricdə yaşayan həmvətənlərimiz üçün əvəzedilməz mənbədir. Akademik İsa Həbib­bəyli kitab haqqında fikirlərini belə ifadə edib: “Poetik-praktik Azərbaycan dili” kitabını Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına yüksək səviyyədə təqdim etmək olar. Bu, böyük intellektual düşüncə ilə ciddi elmi düşüncənin vəhdətindən yaranmış mükəmməl bir əsərdir. Bunu təkcə yaxşı Azərbaycan dili müəllimi yaza bilməz, bunu təkcə yaxşı şair də yaza bilməz. Hər ikisini mükəmməl bilən və içində dil, Vətən, Azərbaycan sevgisi olan bir adam yaza bilər. Bu da Elbəyi müəllimdir”

Bəli, Elbəyi müəllim Azərbaycan dilinə çox böyük sevgi bəsləyirdi.  2005-ci ilin dekabr ayında dəyərli müəllimimdən aldığım müsahibədə Azərbaycan dilini ilahi qüdrətli, dost məhəbbətli bir varlıq adlandırmışdı. “Mənim ana dilim-Azərbaycan dilim Azərbaycan adlı məmləkətimin, dünyalar qədər sevdiyim anamın isti nəfəsi, həzin, şirin nəğməsi, uşaqlıq çağlarında başımız üstündə, beşiyimiz yanında oxunan bayatı, könül oxşayan titrək, kövrək səsidir. Dil Vətəndən uzaqlarda da bizi yaşadan, bizim varlğımızı təsdiq edən, heç bir sərhəd tanımayaraq ürəklərdə, diləklərdə gəzən azad bir vətəndir”-deyərək dilimizə sevgimizi belə ifadə etmişdi.

Elbəyi Maqsudov  əmək fəaliyyətində  təkcə mühüm tədqiqat və elmi işləri ilə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq.  Deyirlər ki, insana bir ömür bağışlanır. Ancaq bu ömrü elə yaşamaq lazımdır ki, dönüb arxaya baxanda peşman olmayasan. Elbəyi müəllim məhz belə bir ömür yaşadı.   Müəllimlik bütün peşələrin fövqündə dayanan müqəddəs, çox şərəfli bir peşədir,  Elbəyi müəllim də bu peşəni sağlığında çiyinlərində şərəflə daşıdı. Özünə sağlığında  qəlblərdə abidə ucaldan Elbəyi müəllim dəyərli bir ziyalı  kimi ürəklərdə həmişə yaşayacaqdır.

 Sara Əzimova

         jurnalist

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: