Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin daxili siyasətində atdığı hesablanmamış addımlar, verdiyi ziddiyyətli açıqlamalar, populist bəyanatlar onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübuta yetirir. Paşinyanın bütün davranışları kütləyə hesablanıb. Bu baxımdan kütləni əyləndirmək üçün əlindən gələni əsirgəmir. Ölkəsinin daxili qanunları və beynəlxalq hüququn normaları ilə janqlyorluq edir, məzəli fikirlər səsləndirir və son nəticədə isə ayı oynadır. Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərində ayı balaları ilə oynaması da sübuta yetirdi ki, bu, onun bacardığı ən yaxşı işdir. Bir zamanlar Azərbaycanın bütün bölgələrinə, o cümlədən Qarabağa gələn qaraçılar da ayı oynadaraq yerli əhalini əyləndirirdilər. Məşhur “Şələkküm məhəlləküm” folklor rəqsi də elə o zamandan qalıb. Paşinyanın isə ayı oynadan əcdadlarından yeganə fərqi onun musiqi olmadan da oynaya bilməsidir… Bu baxımdan da belə bir təəssürat yaranır ki, Paşinyan ayını deyil, ayı Paşinyanı oynadır.
Amma bütün bunlar ola bilsin ki, uzun illər hərbi-cinayətkar xuntanın, diktatura rejiminin uzun illər divan tutduğu Ermənistan cəmiyyəti üçün müəyyən zaman kəsiyində əyləncəli görünə bilər. Lakin əyləncənin də bir sonu var.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Ermənistanda Paşinyana qarşı baş qaldıran etirazlar da baş nazirin kütləni əyləndirməklə vaxt qazanmaq limitinin tükəndiyini sübuta yetirir. Azərbaycanda və Ermənistanda hərbi, siyasi müstəvidə baş verən son proseslərin real mənzərəni ortaya qoyduğunu deyən ekspert vurğulayıb ki, Azərbaycanda bir neçə aylıq fasilə ilə iki möhtəşəm hərbi parad keçirilir. Hər iki paraddan sonra genişmiqyaslı hərbi təlimlər keçirilir və bu təlimlərdə nümayiş etdirilən hərbi texnikadan istifadə olunur.
E.Mirzəbəyli vurğulayıb ki, Ermənistanın baş naziri isə ikitirəliyin, qarşıdurmanın, nizamnamədən kənar münasibətlərin, korrupsiyanın tamamilə çokdürdüyü ordusunun nümayiş etdirməyə bir şeyi olmadığı üçün fantastik bir ssenari yazır, bölgənin bütün dövlətlərinə bu ssenaridə “rol ayırır” və bu ucuz tryukla müharibə xofundan ayıla bilməyən Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışır.
Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti Avropa İttifaqı və İttifaqa daxil olan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli strateji münasibətlər qurur, regionun aparıcı dövlətlərinə səfər edir və bu səfərlər çərçivəsində əlaqələrin sürətli inkişafına mühüm töhfələr verəcək anlaşmalara, yol xəritələrinə imza atır, Ermənistanın baş naziri isə getdiyi hər yerdən əliboş qayıdır, yaxud bu və ya digər ölkənin liderinin onunla görüşməyəcəyini bildikdən sonra “səfərini təxirə salır”. O, əlavə edib ki, Paşinyan ən yaxşı halda getdiyi yerlərin mediasını əyləndirir, siyasət yazarlarına, ekspertlərə əylənmək üçün imkan yaradır. Onun ABŞ-a “səfərini təxirə salması”nı elə bu qəbildən hesab etmək olar. Azərbaycan Prezidentinin dediyi kimi, yerində otursa yaxşıdır. Çünki Paşinyan öz əyalət səviyyəli əyləncələri ilə ən yaxşı halda Ermənistan cəmiyyətini əyləndirə bilər.