Elçin Mirzəbəyli: Bakıda keçirilən hərbi parad bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir

220

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi parad təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir. Bu hadisə hələ uzun illər yaddaşlarda qalacaq, müzakirə olunacaq, elmi, siyasi, tarixi araşdırmaların predmetinə çevriləcək.

NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, bu hərbi paradı bir neçə istiqamətdən dəyərləndirmək olar. Sirr deyil ki, ordu quruculuğu prosesi, Silahlı Qüvvələrin ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilməsi böyük maliyyə vəsaitləri tələb edir. Güclü, sabit və dayanıqlı iqtisadiyyatı olmayan bir dövlət şübhəsiz ki, bu vəzifənin öhdəsindən gələ bilməz. Bu baxımdan, hərbi paradda nümayiş olunan ən müasir hücum və müdafiə sistemləri Azərbaycanın iqtisadi gücünün, potensialının göstəricisi kimi qiymətləndirilməlidir. İqtisadi gücün, maliyyə imkanlarının önəmli olduğunu deyən müsahibimiz bildirib ki, Azərbaycan kimi mürəkkəb coğrafi mövqedə yerləşən, müharibə vəziyyətində olan bir ölkənin müasir hərbi texnikaya yiyələnməsi üçün bu, yetərli deyil. Bu gün dünyada iqtisadi gücü olan ölkələrin sayı az deyil. Lakin bu ölkələr heç də istədikləri, onların müdafiə qabiliyyətini yüksək səviyyəyə çatdıra biləcək hərbi texnikaya, hücum və müdafiə sistemlərinə sahib ola bilmirlər. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında dünyanın müxtəlif ölkələrində istehsal olunan hərbi texnika var. Bu ölkələrin müəyyən bir hissəsinin dünyanın ayrı-ayrı bölgələrində maraqları toqquşur və onlar geosiyasi qarşıdurma vəziyyətindədir. Bu mənzərə aydın olsun deyə Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən ölkələrin siyahısına nəzər salaq: Rusiya, Türkiyə, İsrail, Belarus, Pakistan, İran, ABŞ, Ukrayna… Fərqli geosiyasi qütblərdə dayanan bu ölkələrdən hərbi texnika, hücum və müdafiə sistemləri almaq üçün çox böyük nüfuza, siyasi manevr imkanlarına, etimadlı münasibətlərə sahib olmaq lazımdır. Digər tərəfdən, Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən ikisi – Rusiya və Belarus torpaqlarımızı işğal altında saxlayan Ermənistanla eyni hərbi-siyasi blokda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Lakin bu amil, eləcə də Ermənistanın cəhdləri Azərbaycanın bu ölkələrdən işğalçını darmadağın edə biləcək hücum və müdafiə sistemləri almasına mane ola bilmir. Bu, düşmən ölkəyə həm də çox ciddi siyasi-psixoloji zərbədir və həm də o deməkdir ki, Azərbaycanın nüfuzu və gücü Ermənistanı heç bir hərbi-siyasi blokda rahat buraxmayacaq.

Hərbi paradın önə çıxardığı daha bir əhəmiyyətli məqamın Azərbaycanın hərbi-sənaye kompleksi, burada istehsal olunan silah-sursat və hərbi texnikanın yüksək keyfiyyət göstəriciləri ilə bağlı olduğunu deyən E.Mirzəbəyli əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə və bu münasibətlə keçirilən hərbi parada həm də dövlətçilik tariximiz, ənənələrimiz müstəvisindən nəzər salmaq doğru olar. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günədək, xüsusilə də çar Rusiyası zamanında azərbaycanlıları hərbi xidmətdən mümkün qədər uzaq tutmağa çalışırdılar. Burada şübhəsiz ki, ilk növbədə, azərbaycanlıların döyüşkən bir xalq olduğu, tarixən böyük ərazilərə sahiblənən dövlətlər qurduğu nəzərə alınırdı. İmperiyanın mərkəzində bunu yaxşı bilirdilər. Başqa bir amil isə şübhəsiz ki, etimadsızlıqla bağlı idi. Bütün bunlara baxmayaraq, çox azsaylı azərbaycanlı bu maneələri aşa bilir və hərb sənətinin tanrılarına çevrilirdilər. Əgər belə olmasaydı Rusiya imperiyasının hərb sənətindən kənar saxladığı azərbaycanlılardan biri “rus artilleriyasının tanrısı” adlandırılmazdı. Bütün maneələrə, məhdudiyyətlərə baxmayaraq, olduqca azsaylı azərbaycanlı çar ordusunda xidmət keçib və onlardan 47 nəfəri general-leytenant, general-mayor, kavaleriya generalı, artilleriya generalı rütbəsinə yiyələnib və rus hərb tarixinin əfsanələrinə çevrilib.

Elçin Mirzəbəyli qeyd edib ki, 100 il bundan əvvəl Azərbaycan Ordusu formalaşanda xalqımızın döyüş ruhu yenidən baş qaldırıb, qan yaddaşımıza hopmuş dövlətçilik və hərbçilik ənənələri yenidən dirçəlib. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ildən cəmi iki il sonra – 1971-ci il aprelin 19-da məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaradanda da Azərbaycan xalqına “qan yaddaşında dövlətçilik və hərbçilik ənənələri yatır və onu dirçəltmək lazımdır” mesajını verib, müasir Azərbaycan hərb məktəbinin əsasını qoyub. İyunun 26-da Azadlıq meydanında keçirilən hərbi parad isə şübhəsiz ki, hərb tariximizin, 100 il öncə əsası qoyulmuş cümhuriyyət Azərbaycanının, 47 il öncə yenidən dirçəldilmiş hərbçilik ənənələrimizin, müasir Azərbaycan dövlətinin möhkəm tarixi kökləri üzərindən boy atan dövlət və ordu quruculuğu bacarığının, Ali Baş Komandanımızın qətiyyətinin, əzminin təntənəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: