Ekoloji strategiya muxtar respublikamızın zəngin təbiətinin mühafizəsinə xidmət edir
Füsunkar təbiəti, əsrarəngiz relyefi, mineral bulaqları, təbiət möcüzələri və tarixi-mədəni zənginliyi Naxçıvanın ekoturizm potensialını formalaşdırmaqla bərabər, ondan səmərəli istifadəni də zəruri edir. Bu zənginliyin qiymətləndirilməsi, ekoturizmin inkişaf etdirilməsi üçün muxtar respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri statusuna daxil olan qoruqlar, milli parklar və yasaqlıqlar yaradılıb.
Azərbaycanın böyük təbiətşünas alimi, akademik Həsən Əliyev qoruqların əhəmiyyətini yüksək dəyərləndirirdi:“Qoruq sözü varsa, deməli, təbiətimiz qorunur”.
Qoruqların yaradılmasında məqsəd səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbii proses və hadisələrin gedişini öyrənməkdir. Təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna, xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan bu obyektlər respublika əhəmiyyətli xüsusi mühafizə edilən təbiət əraziləridir. Həmin ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
Muxtar respublika ərazisində qoruq yaradılan təbiət əraziləri, ümumilikdə, ölkəmizdə və Qafqaz ekoregionunda təbii zənginliyi, elmi-tədqiqat mərkəzi, səciyyəvi və nadir landşaftı, bitki, heyvan növlərinin kompleks məskunlaşdığı bir coğrafi məkandır. Bu coğrafiyanın təbii zənginliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev 2002-ci ildə Batabat yaylağında olarkən burada qoruq yaradılmasının əhəmiyyətini qeyd edib və 2003-cü il 16 iyun tarixli Sərəncamla ümumi ərazisi 3 min 139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb.
Naxçıvan ərazisində təbiətin qorunması, elmi-tədqiqat, təcrübi işlərin aparılması ilə bərabər, eyni zamanda bu təbii sərvətlər, gözəlliklər hesabına ekoturizmin inkişaf etdirilməsi məqsədilə milli park statuslu təbiət obyektlərinin yaradılması mühüm ekoloji və iqtisadi əhəmiyyət daşıyır. Diyarımızın təbiəti, əlverişli ekoloji mühiti, relyef müxtəlifliyi, tarixi-mədəni abidələri burada turizmin inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradır.
Qeyd edək ki, milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Ölkəmizdə ilk milli park 2003-cü ildə Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan, ərazisi 12 min 131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkıdır. Ölkə Prezidentinin 2009-cu il 29 noyabr tarixli Sərəncamı ilə onun adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb, ərazisi daha da artırılaraq ümumi sahəsi 68 min 911 hektara çatdırılıb.
Muxtar respublika ərazisində fəaliyyət göstərən digər xüsusi mühafizə statuslu təbiət obyektləri yasaqlıqlardır. Dövlət təbiət yasaqlıqları təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. Həmin yasaqlıqlar respublika və ya bölgə əhəmiyyətli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profilli ola bilər. Muxtar respublika ərazisində ilk təbiət yasaqlığı 1969-cu ildə ümummilli liderimizin təşəbbüs və qayğısı ilə yaradılıb. 40 min hektar ərazini (Culfa, Ordubad rayonlarını) əhatə edən Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılmasında məqsəd həmin dövrdə sayları kəskin azalan muflonların, bezoar dağ keçilərinin qorunması və artırılması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr, 2009-cu il 22 iyun tarixli sərəncamları ilə “Arazboyu” (ərazisi 9118 hektar) və “Arpaçay” (ərazisi 42 min 787 hektar) Dövlət Təbiət yasaqlıqları yaradılıb.
Muxtar respublika ərazisində yaradılan Nəbatat bağında isə bitkiləri yetişdirmək və nümayiş etdirmək üçün ekspozisiya, elmi tədqiqatlar aparmaq üçün elmi, qonaqlara xidmət göstərmək üçün ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları mövcuddur.
Yurdumuzun ərazisində əlverişli ekoloji mühitin yaradılması sahəsində həyata keçirilən tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktoru Giorgi Sanadiradze Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ünvanladığı məktubda bu qədim diyarda təbiəti mühafizə sahəsində görülən işlərə münasibət bildirib: “Muxtar respublikada ova qoyulmuş moratoriumun davam etdirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və gücləndirilməsi, yerli əhalinin məlumatlandırılması tədbirləri, təbiət komplekslərinin tədqiqi və monitorinqi artıq öz bəhrələrini verməkdədir… Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirilən biomüxtəlifliyin monitorinqi nadir və nəsli kəsilməkdə olan növlərin artım dinamikasında baş verən müsbət meyilləri göstərir… Bütün bu faktlar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təbiəti mühafizə siyasətinin düzgünlüyünü bir daha təsdiq edir”.
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpasıdır. Bu isə xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması hesabına mümkün olub. Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür.
Görülən tədbirlər nəticəsində 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3,4 dəfə artıb. Ümumi ərazimizin 28 faizə qədərinin xüsusi mühafizə olunması, digər sahələrdə mühafizə və bərpa tədbirlərinin görülməsi fauna və floramızın qorunmasına, əlverişli ekoloji mühitin formalaşmasına şərait yaradıb.
Qeyd edək ki, inkişaf etmiş, təbiətə xoş münasibət göstərilən ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir. Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri nəticəsində əvvəllər sayı tükənməkdə olan (məsələn, bezoar dağ keçiləri, muflonlar) növlərin sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması şəraitinin formalaşmasına stimul verib. Belə ki, güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb. Son illərdə muxtar respublika ərazisində dünyada nadir növlərdən olan bəbirlərin müşahidə olunması dediklərimizi bir daha təsdiq edir. 2016-cı ildə Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin ərazilərimizdə mövcudluğunun sübutudur.
Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasındakı bitki və heyvan ehtiyatlarının qorunması sahəsində görülən mühüm işlərdən biri də nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin öyrənilməsi və xüsusi qorunmasının təşkil olunmasıdır. Bunun üçün ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” və “Şahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyi” ədəbiyyatları çap edilib.
Əminliklə demək olar ki, göstərilən dövlət qayğısının ifadəsi olan təbiəti mühafizə sahəsində qazanılan uğurlar bundan sonra daha da artacaqdır. Unutmayaq ki, ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
Elçin KAZIMOV
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi