“E” qrupunda son turda Serbiya ilə Braziliya, İsveçrə ilə Kosta-Rika milliləri qarşılaşırlar

218

Futbol üzrə XXI dünya çempionatının “E” qrupunda sonuncu turun oyunları start götürüb.

Bu qrupda yer alan Braziliya və İsveçrə millilərin aktivlərində 4, Serbiya yığmasının isə 3 xalı var. Kosta-rikalılar hər iki oyunda məğlubiyyətə uğrayaraq səkkizdəbir final mərhələsinə çıxmaq şansını itirib. Pley-off vəsiqələrin taleyi bu gün keçirilən Serbiya-Braziliya və İsveçrə–Kosta-Rika oyunlarının nəticələrindən asılı olacaq.

NUHÇIXAN xəbər verir ki, Serbiya komandası Braziliyaya uduzsa, İsveçrə avtomatik olaraq səkkizdəbir finala yüksələcək.

Moskvadaki “Spartak” stadionunda keçirilən Serbiya-Braziliya qarşılaşmasını iranlı Əlireza Fəqani idarə edir.

Serbiya millisinin heyətində meydana Vladimir Stoykoviç, Antonio Rukavino, Aleksandr Mitroviç, Daşan Tadiç, Aleksandr Kolarov, Miloş Belkoviç, Nikola Milinkoviç, Filip Kostiç, Serqey Milinkoviç-Saviç, Nemanya Matiç və Adem Lyaic çıxıblar.

Braziliya yığmasının start heyətində Alison Beyker, Tiaqo Silva, Miranda, Kazemiro, Qabriyel Xesus, Neymar, Filip Koutinyo, Marselo, Paulinyo, Vilyam və Vaqner yer alıblar.

Qeyd edək ki, Braziliya yığması Serbiya ilə ilk dəfə 2004-cü ildə qarşılaşıb. Həmin görüşdə braziliyalılar 1:0 hesabı ilə qalib gəliblər.

Braziliya millisi beşqat dünya çempionudur. Ardıcıl olaraq 1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə keçirilən mundialların qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl ilahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda yiyələnən Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

Qrupun digər oyunu – İsveçrə-Kosta-Rika matçı isə “Nijniy Novqorod Arena”da keçirilir.

İsveçrə yığmasının start heyəti belədir: Yan Zommer, Stefan Lixtştayner, Manuyel Akanji, Brel Embolo, Qranit Djaka, Valon Behrami, Rikardo Rodriqez, Blerim Djemaili, Mario Qavranoviç, Djerdan Şakiri və Fabian Şer.

Kosta-Rika yığmasının ilk on birliyində isə Kerlor Navas, Coni Akosta, Cankarlo Rodriqez, Selso Borxes, Brayan Ovoyedo, Daniyel Kolindres, Brayan Ruiz, Joel Kembel, Kristian Qamboa, Kendal Uoston və David Qusman yer alıblar.

Qeyd edək ki, Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-cü ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Milli komandanın tarixində ən çox qol vuran futbolçu Rolando Fonseka Ximenesdir (44 qol).

Kosta-Rika və İsveçrə yığmaları ilk dəfə qarşılaşırlar. İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.

Serbiya-Braziliya matçı İdman Azərbaycan və İctimai Televiziyada, İsveçrə – Kosta-Rika isə Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanır.

Hələlik səkkizdəbir final mərhələsinin səkkiz iştirakçısı məlumdur. İyunun 30-da Uruqvay – Portuqaliya, Fransa – Argentina, iyulun 1-də isə İspaniya – Rusiya, Xorvatiya – Danimarka görüşləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: