Duzdağda arxeologi tədqiqatlara başlanıb

264

AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları  qədim şəhər mədəniyyətinin formalaşması ardıcıllığını müəyyənləşdirmək məqsədilə Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış  yerində və Duzdağda  arxeoloji tədqiqatlara başlayıb.

NUHÇIXAN xəbər verir ki,  Duzdağda  iyun ayının 20-dən başlanan və 200 kvadratmetr  sahəni əhatə edən  ərazidə aparılan  araşdırmalar zamanı  Eneolit, Erkən Tunc, Dəmir dövrü və orta əsrlərə aid  keramika məmulatı, daş çəkiclər tapılıb. Bu duz yataqlarından eradan əvvəl  V-III minilliklərdə  geniş istifadə edilib və  mədənlər  Erkən  Tunc dövründə xüsusilə geniş istismar olunub. Tədqiqatçılar qədim mədənlərdən aşkar edilən maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclərə əsasən bunları  qeyd edirlər. Duzdağın cənub ətəkləri boyunca  şimaldan cənuba doğru  təqribən 3 kilometrlik  məsafədə aşkar olunan  Erkən Tunc dövrü keramikası da  bunu təsdiq edir.  Duzdağda aparılan araşdırmalar eyni zamanda tarixəqədərki cəmiyyətlərin Naxçıvanın təbii sərvətlərinin istismarı, yaşayış yerlərinin tipləri və onların konkret bir ərazidə inkişaf dinamikasını müəyyən etmək üçün  başlanılan irihəcmli layihənin tərkib hissəsidir.

Duzdağda aparılan araşdırmaların əsas məqsədlərindən biri də duz mədənlərində  erkən istismar izlərini  aşkar etməklə  tarixəqədərki dövrün  son  mərhələsində  duzun çıxarılması üsullarını üzə çıxarmaqdan ibarətdir. Tədqiqatlar zamanı müəyyən edilib ki, duz qədim dövrlərdən başlayaraq həm açıq üsulla, həm də tunellər qazmaqla  çıxarılıb. Duz çıxarıldıqdan sonra mədənlərin yaxınlığında yaşayış yerlərinə aparılıb.

Tədqiqatçıların fikrincə  Yaxın Şərq  ölkələri ilə  iqtisadi-mədəni əlaqələrin  formalaşmasında  Naxçıvanın  xammal ehtiyatları , o cümlədən  duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz mübadilə vasitəsi olmaqla şərq ölkələrinə aparılıb və insanların məişətinə daxil olan duzla bağlı inamlar  yaranıb.

AMEA-nın  muxbir üzvü Vəli Baxşəliyevin fikrincə  Duzdağda  aparılan  arxeoloji  araşdırmalar qədim dağ-mədən işinin  infrastrukturunu müəyyən etməyə imkan verir.  Qazıntılar zamanı  əldə edilən  maddi-mədəniyyət nümunələri isə  təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda və  Yaxın Şərq ölkələrində  dağ-mədən işinin yaranmasını öyrənmək üçün  olduqca əhəmiyyətlidir.  Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab edilir. Ərazidə qazıntı işləri davam etdirilir.

 

                                                                             VAQİF AĞALAROV

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: